Prezident İlham Əliyevin cari ilin 24 dekabrında Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə bir sıra mühüm məqamlara toxunuldu vacib mesajlar verilib. Vurğulandı ki, cari ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilib. Ölkə başçısı qeyd edib ki, “gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”. Xalqımız hər zaman özünün tarixi yaddaşında doğma torpaqlarımıza olan sevgisini qoruyub saxlayıb. Bu mənada Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vacibdir. Təbii ki, bu istiqamətdə Qərbi Azərbaycan İcması üzərinə düşən işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaq. Eyni zamanda hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar bu prosesə cəlb edilməlidir. Məhz beynəlxalq hüquq müstəvisində bu qayıdış istəyinin yolları müəyyənləşməlidir.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır: “Bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, tariximizin özü təsdiqləyir: “Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıb. Onlar azərbaycanlıların tarixi irsini silmək istəyib. Ancaq buna nail ola bilməyiblər. Çünki tarix, sənədlər, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Burada şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Hamı yaxşı bilir ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Deputat bildirib ki, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Azərbaycanın tarixi torpaqları Zəngəzur Azərbaycandan ayrılıb Ermənistana birləşdirilib: “Sözsüz ki, bu, xalqımıza qarşı növbəti cinayət idi. Əslində bu məkirli planın nəticəsi olub. Çünki Zəngəzurun Azərbaycandan ayrılması ilə Azərbaycan Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən qoparılıb. Təəsüf ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törətdiyi növbəti cinayəti idi. 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən erməni millətçiləri, onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Ümummilli lider Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu. Bununla da Qarabağda, o vaxtkı Ermənistan ərazisində xalqımıza qarşı növbəti cinayət törədildi. Beləliklə, Azərbaycanlılar tarixi diyarımız olan Qərbi Azərbaycandan deportasiya edildi. Bu əslində keçmiş sovet hökumətinin gözünün önündə baş vermiş cinayətlərdən idi. Çünki Qərbi Azərbaycanın bütövlükdə 300-dən çox şəhər və kəndində azərbaycanlılar yaşayıb. Onların hamısı qısa zamanda yəni, 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu boşaldılan kənd Nüvədi idi ki, 1991-ci ilin avqustunda azərbaycanlılar buradan da deportasiyaya məruz qaldı”.
Eldar Quliyev vurğulayıb ki, iki il bundan əvvəl Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi: “Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir. Bu Azərbaycan tarixinin şanlı tarixidir. Əldə edilən bu qələbə hərbi, siyasi uğurlarımız, ölkəmizin bundan sonrakı inkişafı üçün zəmin yaradıb. Sözsüz ki, bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, xaricdəki havadarları, arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlatmağa çalışır. Amma Azərbaycan dövləti heç vaxt özünə məxsus təbii sərvətlərin talan edilməsinə göz yummayacaq və bunun qarşısını qətiyyətlə alacaq”.