Ermənistan tərəfi sülhdən danışa-danışa təxribatlarından da əl çəkmir. Bir neçə gün öncə ardıcıl olaraq Naxçıvan istiqamətində Ermənistan tərəfindən daha bir hərbi təxribatın həyata keçirilməsi bunun bariz nümunəsidir. Şərti sərhəddə qarşı tərəfin növbəti dəfə Azərbaycan Ordusunun mövqelərinə atəş açması acizliyin göstəricisidir. Çünki Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin adekvat reaksiyasının onlar üçün hansı nəticələrə səbəb olacağını bilir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin edib: “Azərbaycanın tarixi sərhədlərində şanlı üçrəngli bayrağımız qürurla dalğalanır. Ölkəmiz bu gün bölgədə qalıcı sülhün təmin edilməsi üçün mövqe sərgiləyir. Amma buna baxmayaraq Ermənistan və onun Fransa kimi havadarları bölgədə yenidən qarşıdurma, gərginlik yaratmaq niyyətindədir”.
Millət vəkili hesab edir ki, Azərbaycanın sülh təkliflərinə baxmayaraq Ermənistanın təxribatçı mövqeyi İrəvan üçün heç də uğurlu sonluqla bitməyəcək: “Çünki hərbi müstəvidə başlanacaq növbəti qarşıdurmanın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda rəsmi İrəvan növbəti dəfə daha ciddi zərbə alacağının fərqində olmalıdır. Ona görə də, sülhdən danışa-danışa hərbi təxribatlara əl atmaqla prosesi ləngitmək niyyəti iflasa məhkumdur”.
Sevinc Hüseynova bildirib ki, Azərbaycan sülh müstəvisində aparılan konstruktiv danışıqlara tərəfdar olduğunu bəyan edib: “Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının əks olunduğu əsassız müddəalar qısa zamanda aradan qaldırılmalıdır. Həmçinin, 30 illik keçmiş münaqişə tarixində heç bir müsbət irəliləyişə nail olmayan, faktiki olaraq fəalliyyətsiz ATƏT-in Minsk Qrupundan birgə imtina ilə bağlı rəsmi İrəvan konkret addım atmalıdır. Bunun əksinə olacaq bütün addımlar Ermənistanın ziyanına olacaq”.