Bu günlərdə Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Musavat partiyasinin sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxsin iştirakı ilə keçirilmiş görüş haqqında xəbər yayıldı. Özünü müxalifət partiya “lideri” kimi təqdim edən şəxslərin bu kimi görüşlərdə cılız və aciz formada iştirakı da diqqətdən yayınmayıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, əslində bu fakt radikal müxalifətin şəxsi mənafe və mənfəət naminə atacağı addımların mahiyyətini göstərir: “Özünü müxalifət “lider”i sayan bu adamlar əksər halda hansısa ciddi, qərarların qəbul olunmasında iştirak edən şəxslərlə yox, hansısa səfirliyin 3-cü, 4-cü dərəcəli işçiləri, hansısa beynəlxalq təşkilatın koordinatoru və s ilə görüşərək öz səviyyələrini nümayiş etdirir. Hansısa görüşdə xarici ölkə səfirinin iştirakı isə bu adamlar üçün ən böyük “xoşbəxtlik” hesab olunur. Onlar özlərini önəmli, ciddi fiqur sayıb canla-başla hesabatlar vermək üçün növbəyə dururlar. Reallıq odur ki, bəzi qərb ölkələri özlərində seçki prosesi olduğu zaman buna qarşı həddən artıq mühafizəkar davranır. Çünki qərbdə seçkilərə xaricdən müdaxilə az qala dövlət təhlükəsizliyinə təhdid kimi dəyərləndirilir. Azərbaycan kimi dövlətlərdə seçki prosesinə nəinki müdaxilə etmək, hətta bu prosesi idarə etmək üçün bəzi qərb dövlətləri müxtəlif cür pozuculuğa xidmət edən alətlərdən istifadə etməyə çalışır. Hətta bir qədər də irəliyə gedərək radikal müxalifət qüvvələrini açıq şəkildə təlimatlandıra, iğtişaşlara çağıra bilirlər”.
Aqil Məmmədova görə, Azərbaycanda özünü radikal müxalifət adlandıran bu qüvvələr xaricdən seçkiyə müdaxilə planlarına canla-başla, məmnuniyyətlə dəstək verir və sifarişləri qeyd-şərtsiz qəbul etməyə hazır olduqlarını bildirirlər: “Ölkəmizdə hər dəfə əhəmiyyətli beynəlxalq tədbirlər ərəfəsində olduğu kimi, COP29 ərəfəsində də gərginlik və narazılıq yaratmaq, hansısa problemi süni şəkildə şişirtmək planları olan kənar qüvvələr dağıdıcı, radikal müxalifəti ortaya atmağa başlayır: “Hər zaman olduğu kimi xarici qüvvələrin əlində alət olan radikal müxalifət təmsilçiləri olanların hər bir əmrinə canla-başla razılıq verir. Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri 90-cı illərdəki qaragüruhçuluq və xarici qüvvələr qarşısında köləlik anlayışından qurtula bilməyiblər”.