Əziz 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin Sakinləri,
Qiymətli Seçicilərim,
Bildiyiniz kimi bu ilin 1 sentyabrında ölkəmizdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə 7-ci çağırış növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası vahid namizədlər siyahısı ilə iştirak edir. 1993-cü ildən bütün seçkilərdə Partiyamıza təkbaşına iqtidarı qazandıran Azərbaycan xalqına və seçicilərinə eşq olsun. Sizin hər görüşdə Yeni Azərbaycan Partiyasını Xalqının Xilaskar və Xidmətkar partiyası adlandırmanız hər bir partiya üzvünü, Partiyadan seçilmiş millət vəkillərinin məsuliyyətini daha da artırır. Verdiyiniz bu dəyərə görə hər biriniz Var Olun.
Bütün görüşlərdə YAP-ın qurucusu, xilaskar missiyalı, Ulu Öndərimiz Heydər Əliyevi minnətdarlıqla xatırlamanıza, Onun 1993-cü ildə ölkəmizi məhv olmaqdan, parçalanmaqdan və fəlakətdən qorumasını, Azərbaycanı dünyaya Qalib Xalq kimi tanıdan, Özünü Xalqın bir nömrəli xidmətçisi adlandıran, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə olan sevgi, inam, etimad və dəstəyinizə görə Sizə təşəkkür edirik. Hər görüşdə ölkəmizdə, xüsusilə Qarabağda həyata keçirilən əzəmətli quruculuq işlərini, möhtərəm Prezidentimizin xarici və daxili siyasətini təqdir və təbliğ etdiyinizə görə minnətdarıq.
2015-ci ildən bugünədək parlament seçkilərində YAP-ın vahid namizədi kimi mənə dəstək verən doğma rayonum Nəsimi rayon seçicilərinə sonsuz təşəkkür edirəm. Rayonumuzda və ölkəmizdə həlli mümkün və vacib olan problemləri qaldırdığınıza, bəzi məmurları haqlı tənqidinizə, milli qanunvericiliyimizdə mövcud olan qanunların bir çoxunun təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyünüz aktual təkliflərə görə hər biriniz sağ olun. Təbliğat və təşviqat kampaniyasının başladığı 9 avqustdan bugünədək keçirilən çox qızğın və səmərəli görüşlərdə mənə verdiyiniz səmimi dəstəyə görə Sizə borcluyam. Möhtərəm Prezidentimiz hər çıxışında xalqın onun vəkili olduğunu qeyd edir. Bu seçkilərdə də hər birinizin dövlətimizin əldə etdiyi uğurlar haqqında analitik təhlilləriniz və fikirləriniz Sizin həm də, daima xalqdan güc və ilham alan YAP-ın və onun parlament seçkilərində iştirak edən vahid namizədlərinin vəkili olmanıza sübutdur. Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsindən irəli sürülmüş vahid namizəd kimi bu şərəfli və məsuliyyətli etimadı doğrultmaq üçün əvvəlki dövrlərdə olduğu kimi istər seçki prosesində, istərsə də əgər seçilərəmsə gələcəkdə bir millət vəkili kimi hər biriniz üçün 7/24 xidmətinizdə olacağıma söz verirəm.
Əziz Seçicilərim,
Görüşlərimiz həm qapalı, həm də açıq havada, məhlələrdə, ev görüşlərində davam edir. Bir daha hər birinizi təbliğat və təşviqat kampaniyasında fəal olmağa çağırıram.
Hörmətlə, Məlahət İbrahimqızı
Millət vəkili, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə YAP-ın vahid namizədi.