Fransa özünün ermənipərəst siyasətindən əl çəkə bilmir. Erməni lobbisinin diktəsi ilə hərkət edən, demək olar ki, ölkəsinin problemlərini unudub ancaq Ermənistanın iddialarına yönələn Fransa hakimiyyəti növbəti dəfə özünün riyakarlığını ortaya qoyub. Fransa hakimiyyəti məhz bu kontekstdə Azərbaycanın ərazi bütövlüyü və daxili işlərinə qarışmaq ixtiyarı yoxdur.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı əsassız yanaşmaları erməni lobbisinin maraqlarına xidmət edir: “Onların Fransa vətəndaşı Teo Klerkə qarşı guya “ayrıseçkilik” edilərək barəsində məhkəmə tərəfindən “haqsız qərar verilməsi” barədə bəyanatı tamamilə cəfəngiyatdır. Bu sözsüz ki, özünü “hüquqi dövlət” adlandıran Fransanın Azərbaycanın məhkəmə prosedurlarını heçə saymaq niyyətindən qaynaqlanan amillərdir”.
YAP təmsilçisi hesab edir ki, Fransa tərəfindən səsləndirilən iradların heç bir əsası yoxdur: “Hər kəs o cümlədən Fransa hökuməti bilməlidir ki, dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşı və digər şəxslərə qarşı verilən hökm məhkəmənin səlahiyyətindədir. Ona görə də, bu qərarı sual altına almağa Fransa və onun hakimiyyətinin ixtiyarı yoxdur”.
Məlahət İbrahimqızına görə, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair əsassız iddialarla çıxış edən Fransa özünün mahiyətinə nəzər salmalıdır: “Dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın özü beynəlxalq hüquqi kobud şəkildə pozmaqla məşğuldur. Çünki rəsmi Parisin neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, İslamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti bu gün göz önündədir. Ona görə də, Fransa Azərbaycana qarşı erməni lobbisinin diktəsi ilə apardığı siyasətə son qoymalıdır. Bu uğursuz siyasət Fransanın özünə ziyandır”.