Azərbaycana qarşı Avropa İttifaqı tərəfindən qərəzli mövqe sərgilənir. Təşkilat ölkəmizə qarşı ədalətsiz bəyanatlar verməklə məşğuldur. Sözsüz ki, bu kimi yanaşmalar Azərbaycanın işlərinə müdaxilədir. Bu mənada Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) ictimai bəyanatı heç bir fakta əsaslanmır.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, YAP təmsilçisi Aqil Məmmədov deyib.
O qeyd edib ki, Avropa İttifaqının bununla bağlı mövqeyi qərəzlidir: “Məhz bu kontekstdən də Avropa İttifaqının yenidən həmin əsassız ictimai bəyanata istinadən qərəzli açıqlamalar verməsi beynəlxalq hüquqa ziddir. Bu kimi yanaşmalar Azərbaycana qarşı qarayaxma kampaniyasından qaynaqlanan, erməni lobbisinin maraqlarına xidmət edən proseslərin tərkib hissəsidir. Yaxşı olardı ki, Aİ-ı Azərbaycana qarşı əsassız bəyanatlarla çıxış etmək əvəzinə üzv dövlətlərdə insan hüquqlarının pozulması hallarına fikir versin”.
Aqil Məmmədov bildirib ki, bu gün Fransada olanları və vaxtilə “sarı gödəkçələr” aksiyasında etirazçıların öldürülməsi faktlarını belə Avropa İttifaqı görməzdən gəlir: “Rəsmi Parisin neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr davam etdiyi halda Avropa İttifaqı buna qarşı hər hansı mövqe bildirmir. Hətta Aİ-nin himayə etdiyi Ermənistanda belə bu gün insanların fundamental hüquq və azadlıqları kobud şəkildə pozulduğu halda məsələ nədənsə diqqətdən kənarda qalır. Azərbaycan cəmiyyətinə bu kimi yanaşmalar yaxşı bələddir. Çünki bütün bunlar məhz ikili standartlardan qaynaqlanır. Təbii ki, Aİ-ı COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı aparılan kampaniyaya qoşulmaqla özünün mahiyyətini bir daha biruzə vermiş olur”.