Azərbaycan bölgədə sülhün başlıca təminatçısıdır. Vətən Müharibəsindən sonra regionda qalıcı sülh üçün münbit şərait yaranıb. Bölgədə sülhə, təhlükəsizliyə başlıca təhdid olan Ermənistanın işğal faktına son qoyulub. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin edib.
Bunu Siyasətinfoya Milli Məclisin VI çağırış millət vəkili olmuş Aqil Məmmədov deyib.
O qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan tərəfindən Ermənistana 5 baza prinsipinə əsaslanan sülh konsepsiyası təklif olunub: “Azərbaycan hər zaman olduğu kimi sülhə sadiq olduğunu bəyan edib. Regionda inkişafa, tərəqqiyə ancaq sülh müstəvisində nail olmaq mümkündür. Məhz bu zəzurətdən də Azərbaycan davamlı olaraq sülh təşəbbüsləri ilə çıxış edir. Sadəcə olaraq Ermənistan özünün ənənəvi “iddialarından” imtina etməlidir. 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayan, xalqımıza qarşı soyqırım, etnik təmizləmə həyata keçirən Ermənistan yaranmış yeni reallığı dərk etməlidir”.
Aqil Məmmədov hesab edir ki, II Qarabağ müharibəsi və 2023-cü ilin bir günlük antiterror tədbirlərində güclü Azərbaycan Ordusunun verdiyi dərs heç vaxt qarşı tərəfin yadından çıxmamalıdır: “Sülh müstəvisində Azərbaycan və Ermənistan tərəfindən verilən müsbət mesajlarla yanaşı Naxçıvan daha sonra isə Kəlbəcər istiqamətində hərbi təxribatların baş verməsi erməni tərəfinin prosesə heç də səmimi yanaşmadığını göstərir. Amma bütün bunlara baxmayaraq Ermənistanın sülhdən başqa çıxış yolu qalmayıb. Cənab Prezidentin də vurğuladığı kimi Ermənistan özünün qanunvericiliyində Azərbaycana qarşı olan ərazi iddialarından imtina etməklə sülh müstəvisində konkret addım atmalıdır”.