Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə görüşünə dəvət edilməsi və burada keçirilən yüksək səviyyəyli görüşlər tarixi əhəmiyyətə malikdir. Zirvə görüşü çərçivəsində cənab Prezident dost, qardaş və tərəfdaş dövlətlərin liderləri ilə qarşılıqlı müzakirələr aparıb. Bu xüsusda Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib. Görüşdə hər iki ölkənin liderləri qarşılıqlı maraq doğuran vacib məsələləri müzakirə edib və mühüm sənədlərə, razılaşmalara imza atılıb.
Bunu Siyasətinfoya Milli Məclisin VI çağırış millət vəkili olmuş, YAP Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib.
O, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin əhəmiyyətinə toxunub: “Sözsüz ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında verilən birgə bəyannamə olduqca önəmlidir. Azərbaycanla Çin Xalq Respublikası arasında 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasında ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə səmərəli şəkildə inkişaf edib. Bu dövrdə tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə nail olub. Eyni zamanda beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik, inkişaf fəaliyyətini birgə irəlilətməyə dair əldə edilən razılıq xüsusi mahiyyət kəsb edir”.
Təftiş Komissiyasının üzvü hesab edir ki, son illər Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq statusu güclənməkdədir: “Dialoqun möhkəmlənməsi, davamlı sülhə və inkişafa nail olmaq üçün Astanada keçirilən Zirvə görüşü mühüm məsələlərin müzakirə mövzusu kimi vacib platforma olacaq. Burada ŞƏT-ə üzv ölkələrin maraqlarının müxtəlif aspektləri, o cümlədən geosiyasi, təhlükəsizlik, iqtisadiyyat və regional məsələləri müzakirə olunacaq. Sözsüz ki, Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu Sammitdə Prezident İlham Əliyevin iştirakı Onun Lider kimi yüksək nüfuzundan, dövlətimizin gücündən və yaratmış olduğu yeni reallıqla izah olunur. Bu eyni zamanda Şərqlə Qərb arasında mövcud körpü rolunu oynayan Azərbaycanın müəyyənləşdirdiyi əməkdaşlıq strategiyasına tam uyğundur. Çinlə əldə edilən yüksək razılaşmalar da məhz bu məqsədlərə xidmət edir. Çünki tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləməklə özlərinin starateji mövqelərini ortaya qoyur. Təbii olaraq Çin də öz növbəsində Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəklədiyini bəyan edib. Həmçinin tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini də açıq şəkildə bəyan edir”.
Məlahət İbrahimqızı Azərbaycan və Çin arasında sənayeləşmə və investisiya üzrə əməkdaşlıq mexanizmindən istifadənin də mahiyyətinə toxunub: “Azərbaycan və Çin şirkətlərinin fəaliyyətini dəstəkləyəcək, enerji, o cümlədən neft və qaz hasilatı və emalı, yaşıl enerji və nəqliyyat infrastrukturu, informasiya və telekommunikasiya, rəqəmsal iqtisadiyyat kimi vacib sahələrdə sıx əməkdaşlıq formalaşacaq. Həmçinin hər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirmək kimi vacib hədəflər mövcuddur. Bundan sonra da Azərbaycan və Çin inkişaf etməkdə olan ölkələr kimi əməkdaşlığı gücləndirməyə və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını birgə müdafiə etməyə hazır olduqlarını bəyan etməklə özlərinin strategiyasını ortaya qoymuş olurlar”.