Avropa Parlamenti Azərbaycan qarşı qərəzli yanaşmalara son qoymalıdır. Bu təşkilat erməni lobbisinin diktəsi ilə hərəkət etməklə özünün nüfuzunu heçə endirir. Yaxşı olardı ki, proseslərə birtərəfli mövqe sərgilənməmişdən öncə məsələlərin mahiyyəti daha dərin formada təhlil edilsin.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər qəbuledilməzdir: “Komissarın Avropa Xarici Fəaliyyət Xidməti (AXFX) tərəfindən hazırlanan bu bəyanatı reallıqdan uzaqdır. Bu açıq şəkildə Azərbaycanın daxili işlərinə növbəti uğursuz müdaxilə hesab edilir. Ölkəmizdə hüququn aliliyi ən yüksək səviyyədə təmin edilib. Heç kəs hansısa mövqeyinə görə, təzyiq və təqiblərə məruz qalmır. Amma bunun əksinə olaraq Ermənistanda və Avropanın bəzi ölkələrində insanlar amansız siyasi təqiblərə məruz qalır”.
Millət vəkili bildirib ki, AXFX və Avropa Parlamentinin bu cür zərərli yanaşması çoxdan öz səmərəsini itirib: “Avropa İttifaqının aidiyyəti qurumları nədənsə, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünü görməzdən gəlib. Hətta bəzi Aİ ölkələrində insan haqları sahəsində kök salmış sistematik problemlər, artan İslamofobiya və ikrah doğuran neokolonial siyasətinə etiraz eedilməyib. Bu xüsusda Fransada mövcud olan dözülməz idarəçilik siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda və “sarı gödəkçəlilər”in aksiyalarda həyatlarını itirməsi kimi faktlar var. Habelə Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə aksiyaların qanla boğulması kimi hallara da Avropa Parlamenti etinasız yanaşıb”.
Məlahət İbrahimqızı hesab edir ki, Avropa komissarının Azərbaycanda insan haqları məsələlərindən və Azərbaycan-Ermənistan arasında sülh səylərindən danışmağa mənəvi haqqı çatmır: “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) iqlim dəyişikliyinin cavablandırılması işinin mahiyyətinə uyğun olmayan siyasi motivli məsələlərlə əlaqələndirmək, proseslərə fərqli don geyindirmək cəhdləri uğursuzdur və heç bir məntiqə əsaslanmır”.