Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin etdikdən sonra regionda yeni bir reallıq yaranıb. 44 günlük müharibədən sonra Azərbaycan Ermənistana 5 baza prinsipinə əsaslanan sülh konsepsiyasının təklif edilməsi də bu məqsədlərə xidmət edir. Azərbaycan hər zaman olduğu kimi sülh prinsiplərinə sadiqdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistan özünün ənənəvi “iddialarından” imtina etmək niyyətində deyil: “Azərbaycan və Ermənistan tərəfindən verilən müsbət mesajlara baxmayaraq Naxçıvan daha sonra isə Kəlbəcər istiqamətində hərbi təxribatların baş verməsi erməni tərəfinin xislətini göstərir. Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4 kəndin təhvil verilməsindən sonra Ermənistanda kilsə təmsilçilərinin iştirakı ilə başladılan növbəti oyun da məkirli məqsədlərə xidmət edir”.
Deputat hesab edir ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas prinsipdir: “Ona görə də, Azərbaycan Ermənistana sülh sazişi imzalamağı təklif edib. Rəsmi İrəvan isə sülhdən danışa-danışa spekulyasiya ilə məşğuldur. Ermənistanın son dövrlər bəzi rəsmi şəxslərinin, xüsusən də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın əsassız açıqlamları qarşı tərəfin sülhə səmimi yanaşmadığını bir daha təsdiq edir”.
Məlahət İbrahimqızına görə, Ermənistan sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına son qoymaqlıa bağlı konkret addımlar atmalıdır: “Beləki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Azərbaycan haqlı olaraq rəsmi səviyyədə bununla bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq qarşı tərəf konkret addım atmaq istəmir. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” əsassız iddialar yer almaqdadır. Həmin iddialarda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası və digər hüquqi aktlarına zəruri dəyişikliklər edilməlidir. Çünki bu əsassız qeydlər Azərbaycana qarşı davam edən ərazi iddialarını özündə ehtiva edir. Ermənistan bu iddialardan imtina etməklə sülh müstəvisində səmimi olduğunu bəyan etməlidir”.