44 günlük Vətən müharibəsində dünya həm Azərbaycan ordusunun gücünü gördü, eyni zamanda xalqımızın tarixi yaddaşının doğma torpaqlarımıza olan sevgini hər zaman qoruduğunun şahidi oldu. Heç vaxt Qarabağı görməyən uşaqlar, gənclər böyük sevinc və fərəh hissi ilə doğma yurda qayıtdığı kimi Qərbi Azərbaycandan olan soyadaşlarımız da səbrsizliklə öz ata yurduna qayıdacaqları günü gözləyir. Bir an olsun, vətən, torpaq sevgisi bizi tərk etməyib.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə də söylədiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu tarixi sənədlər, tarixi xəritələr də təsdiqləyir: “Ermənistanın bu məsələni təlaşla qarşılaması təsadüfi deyil. Çünki onlar da anlayır ki, onlar məhz tarixi Azərbaycan torpaqlarında özlərinə forpost, qondarma bir dövlət qurublar və Azərbaycan heç bir ölkəyə qarşı ərazi iddiası ilə çıxış etmir. Biz hər zaman öz haqqımız uğrunda mübarizə aparmışıq.
Ermənilər məqsədli şəkildə Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Bütün tarixi sənədlərdə qeyd olunur ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Ulu öndər Heydər Əliyev də beynəlxalq tribunaladan hır zaman deyirdi ki, “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik.”
Deputat hesab edir ki, 44 günlük Vətən müharibəsinin yaratdığı reallıqlardan biri də bu gün bizim Bala Göyçənin sahilində olmağımız, Göyçə gölünü görməyimizdir. Bu, hər bir soydaşımızın arzsu idi, lakin eyni zamanda inanmaqda çətinlik çəkdiyi məsələ idi: “Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü sayəsində biz bu reallığı yarada bildik. Dövlət başçısı ilə görüşdə bir daha aydın oldu ki, qarşıda duran əsas hədəflərdən biri Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün yeni mərhələ başlayıb. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparmalıdır.
Təbii ki, hüquqi müstəvidə lazımi tədbirlər görülməlidir. Dövlət başçımızın da söylədiyi kimi, biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Hazırda eyni yanaşma Qərbi Azərbaycana qayıdışla bağlı olmalıdır. Dünya tarixi faktlarla daha yaxından tanış olmalı, soydaşlarımızın Qərbi Azərbaycana – öz ata yurdlarına qayıtma haqqının olduğunu anlamalı və qəbul etməlidir. Biz bu istiqamətdə əlimizdən gələni etməliyik”.