Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər zaman öz doğum gününü xalq arasında və iş başında keçirmişdi. Bütün bunlar cənab Prezidentimizin sadəliyinin və Azərbaycan vətəndaşına olan diqqət və qayğısının göstəricisidir. Bu dəfə ölkə başçımız 24 dekabr tarixində, öz doğum günündə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdü. Böyük əhəmiyyət kəsb edən bu görüşdə Ali Baş Komandanımız cənab İlham Əliyevin səsləndirdiyi hər bir fikir tarixi həqiqətləri özündə ehtiva etməklə yanaşı Azərbaycan Prezidentinin siyasi iradəsinin və prinsipial mövqeyinin göstəricisi idi.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Millət vəkilinə görə, ermənilər tərəfindən Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bütün tarixi və dini abidələrimizin yerlə-yeksan edildiyini, dağıdığını diqqətə çatdıran Prezident İlham Əliyev növbəti dəfə Qərbi Azərbaycanın bizim tarixi torpaqlarımız olduğunu qətiyyətlə qeyd etdi: “Ölkə başçımız əlavə etdiki tarixin təhrif olunmasının qarşısı alınmalıdır və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər həyata keçirilməlidir. Daha sonra Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycana qarşı olan ədalətsizlikdən və ikili standartlardan bəhs etdi. Bundan başqa görüş zamanı Laçın yolunda baş verən hadisələrə toxunan cənab İlham Əliyev təbii sərvətlərimiz istismar edildiyini, daşındığını vurğuladı. Eyni zamanda Ali Baş Komandanımız Ermənistana və onun havadarlarına da lazımi mesajlar göndərərək bildirdi ki, heç bir kəs, heç bir bəyanat və heç bir zəng Azərbaycanın mövqeyinə təsir etməyəcək”.
Deputat hesab edir ki, ümumilikdə Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü tarixi əhəmiyyət kəsb edən hadisə olmaqla yanaşı İcmanın gələcək fəaliyyətinin inkişafına böyük töhvə vermiş olacaq: “Prezident İlham Əliyevin qətiyyətinə və Dəmir Yumruğun iradəsinə inanırıq və əminik ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri öz doğma dədə-baba torpaqlarına qayıdacaq”.