Prezident İlham Əliyev 10 may tarixində Şuşada şəhərinə köçmüş ilk sakinlərlə görüşüb. Doğma torpaqlarına geri dönən şuşalılarla söhbətində cənab Prezident İlham Əliyev tarixi hadisə münasibəti ilə səmimi fikirlərini çatdırıb. 32 ildən sonra şuşalılar doğma şəhərlərinə, ata-baba ocaqlarına Şuşaya qayıtdılar. Cənab Prezident bildirdi ki, “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”. Bu Azərbaycan xalqı qəhrəmanlığı və fədakarlığı nəticəsində mümkün oldu.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, xalqımız özünün pozulmuş fundamental hüquqlarını döyüş meydanında bərpa edib: “Şəhərlərimiz, kəndlərimiz qan tökərək, şəhidlər verərək azad olundu. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu. Özləri haqqında uydurmalar yayan, miflər formalaşdıran mənfur düşmən Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlaya biləcəklərini düşünürdü. Azərbaycan xalqı ona məxsus olanı gec-tez geri almaq üçün bir yumruq kimi birləşdi və torpaqlarını geri qaytardı. Bu baxımdan da 44 günlük Vətən müharibəsi şanlı tariximiz kimi yaddaşlara həkk olunub. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xalqımız üçün olduqca tarixi və qürurverici bir hadisə idi. Cənab Prezidentin də vurğuladığı kimi “Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın ərazisi üzərində suverenliyini tam bərpa etdi”.
Deputat bildirib ki, azad edilmiş bütün tarixi torpaqlarımızda olduğu kimi Şuşada genişmiqyaslı quruculuq işləri görülür: “Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməlinin qoyulması isə xüsusi ilə əlamətdar bir hadisə idi. İlk sakinlərini qarşılayan tarixi Şuşa şəhərində hazırda da böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. Eyni zamanda xüsusi olaraq Şuşanın tarixi abidələrinin bərpası həyata keçirilir. Vaqifin məqbərəsi yenidən qurulub, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin bərpadan sonra açılışı edilib. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmıb. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur”.
Millət vəkili Qarabağ və Şərqi Zəngəzurun yenidən dünyanın ən gözəl güşələrindən birinə çevriləcəyini söyləyib: “Bütün bunlara əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan strategiya nəticəsində nail olunub. Müstəqilliyini bərpa etmiş Azərbaycanda 90-cı illərin əvvəllərində hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Şuşanı müdafiə etməyə o vaxtki yarıtmaz AXC-Müsavat cütlüyünün cəsarəti çatmırdı. Təəsüf ki, həmin tör-töküntülər Azərbaycan xalqının tarixi Zəfərinə sevinə bilmir və əksinə ermənilərlə əlbir olub tarixi qələbəmizə kölgə salmağa çalışır. Təbii ki, müdrik Azərbaycan xalqı məhz 1993-cü ildə də Ulu Öndər Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycanın bu günü və gələcəyi üçün sarsılmaz güc formalaşdırdı. Vətən müharibəsindəki tarixi qələbə, 2023-cü ildə bir günlük antiterror tədbirlərinin davamı olaraq Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş kəndləri bir güllə atılmadan geri qaytarılır. Həyata keçirilən delimitasiya, demarkasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir ki, bu da növbəti zəfər hesab olunur. Sözsüz ki, ölkə başçısı tarixi Şuşa şəhərində bir daha o dövrün reallıqlarına nəzər salmaqla Azərbaycana qarşı olan haqsızlıqlara diqqəti çəkdi”.
Məlahət İbrahimqızı cənab Prezidentin də qeyd etdiyi kimi keçmiş ATƏT-in Minsk Qrupunun 28 ildə fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlmişdi: “Onlar məsələni həll etmək istəmirdilər. Bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin”. İndiki situasiyada isə Fransa və Amerika kimi ölkələr regionda Azərbaycan xalqının və dövlətinin iradəsindən kənar heç bir addım ata bilməyəcəklərini dərk etməlidir. Ölkə başçısının da vurğuladığı kimi “hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”. Eyni zamanda bir daha Ermənistana və ona havadarlıq edən Fransaya, revanşistlərə xəbərdarlıq olundu. Regionda şərtləri Azərbaycanın diqtə etdiyi mesajı verildi”.