Bolqarıstan Respublikasının prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevlə ölkəmizdə səfərdə olan Bolqarıstan prezidenti Rumen Radevin mətbuata verdiyi birgə bəyanatında ölkələrimiz arasındakı münasibətlərdən və qarşıdakı dövrdə həyata keçiriləcək birgə layihələrdən bəhs edildi. Vurğulandı ki, Azərbaycanla Bolqarıstan 2015-ci ildən strateji tərəfdaşdır Ötən dövr ərzində iki ölkə arasında əlaqələri sürətlə və uğurla inkişaf etdiyi də ölkə başçıları tərəfindən qeyd olundu.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanla Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlıq mövcuddur: “Bu ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən birini təşkil edir. Azərbaycanla Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Ötən illər ərzində isə qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib. İki ölkə arasında imzalanan 60-dan çox sənədin münasibətlərdə yeni səhifə açacağı şübhəsizdir”.
Deputat bildirib ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir: “İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Bununla yanaşı son dövrlər ticarət dövriyyəsi bir neçə dəfə artıb. Enerji sektorundakı əməkdaşlıq bu xüsusda daha çox önə çıxır. Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Həmçinin Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək: “İki ölkə arasında nəqliyyat sahəsi önəmli əməkdaşlıq istiqamətləri mövcuddur ki, bu da qarşıda kı dövrdə daha böyük hədəflərə çatmağa imkan verəcək. Bütün bunlar, atılan addımlar Azərbaycanla Bolqarıstan münasibətlərinin yeni müstəviyə yüksəldiyini və qarşıda böyük hədəflərin olduğunu göstərir”.