Azad edilmiş ərazilərdə Böyük Qayıdış konsepsiyası ardıcıllıqla icra olunmaqdadır. Artıq keçmiş qaçqın və məcburi köçkünlər mərhələli şəkildə geri dönür. Azərbaycan öz imkanları ilə 30 ilə yaxın Ermənistanın dağıdıb viran qoyduğu ərazilərdə bərpa-quruculuq işləri həyata keçirir. Böyük Qayıdış konsepsiyası çərçivəsində Şuşa şəhərinin əzəli sakinlərinin bir qrupunun ata-baba ocaqlarına dönüşü təmin edilib. Təbii ki, bu xalqımızın tarixində əlamətdar qürurverici hadisədir. Prezident İlham Əliyev də 10 may tarixində Şuşa köçmüş ilk sakinlərlə görüşüb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, 32 ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar: “Cənab Prezident bildirdi ki, “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”. Bu Azərbaycan xalqının qəhrəmanlığı və fədakarlığı nəticəsində mümkün oldu. Xalqımız özünün pozulmuş fundamental hüquqlarını döyüş meydanında bərpa edib. Şəhərlərimiz, kəndlərimiz qan tökərək, şəhidlər verərək azad olundu. Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu. Özləri haqqında uydurmalar yayan, miflər formalaşdıran mənfur düşmən Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlaya biləcəklərini düşünürdülər. Azərbaycan xalqı ona məxsus olanı gec-tez geri almaq üçün bir yumruq kimi birləşdi və torpaqlarını geri qaytardı. Bu baxımdan da 44 günlük Vətən müharibəsi şanlı tariximiz kimi yaddaşlara həkk olunub. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xalqımız üçün olduqca tarixi və qürurverici bir hadisə idi”.
Deputat bildirib ki, Şuşa Azərbaycan xalqının əyilməz ruhunun rəmzi hesab olunur: “Ölkəmizin başçısı qeyd edib ki, “Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın ərazisi üzərində suverenliyinin tam bərpası ilə yekunlaşdı. Artıq Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməlinin qoyulması isə xüsusi ilə əlamətdar hadisədir. İlk sakinlərini qarşılayan tarixi Şuşa şəhərində hazırda böyük infrastruktur layihələri reallaşdır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. Şuşanın tarixi abidələrinin bərpası həyata keçirilir. Vaqifin məqbərəsi yenidən qurulub, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin bərpadan sonra açılışı edilib. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılıb. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur”.
Millət vəkili Qarabağ və Şərqi Zəngəzurun dünyanın ən gözəl güşələrindən birinə çevriləcəyini söyləyib: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan strategiya Azərbaycanı güclü, qalib regional və qlobal miqyasda söz sahibi olan bir dövlətə çevrilməsini təmin edib. Təəsüf ki, ikinci dəfə öz müstəqilliyini bərpa etmiş Azərbaycanda 90-cı illərin əvvələrində hakimiyyətsizlik, özbaşınalıq, xaosa sürükləndi. Şuşanı müdafiə etməyə belə o vaxtki yarıtmaz AXC-Müsavat cütlüyü bacarmadı. Bu gün də həmin tör-töküntülər Azərbaycan xalqının tarixi Zəfərinə sevinmir və əskinə olaraq ermənilərlə əlbir olaraq tarixi qələbəmizə kölgə salmağa çalışır. Hər zaman öz müdrikliyi ilə tarixi məqamlarda vacib qərarlar verməyə qadir olan Azərbaycan xalqı isə böyüklüyünü bir daha 1993-cü ildə göstərdi. Xalq Ulu Öndər Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycanın bu günü və gələcəyi üçün sarsılmaz zəmin yaratdı. Vətən müharibəsi, ötən il həyata keçirilən bir günlük aniterror tədbirlərinin davamı olaraq Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş kəndləri bir güllə atılmadan geri qaytarılır. Hazıra sərhəd xəttində aparılan delimitasiya, demarkasiya işləri də məhz Azərbaycanın şərtləri əsasında aparılır”.
Aqil Məmmədov vurğulayıb ki, vaxtilə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk Qrupu isə 28 ildə Azərbaycan xalqına qarşı fəaliyyət göstərib: “Cənab Prezidentin də vurğuladığı kimi “onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin”. Regionda yenidən gərginliyin yaranmasında maraqlı olan qüvvələr o cümlədən Fransa və Amerika kimi ölkələr Azərbaycan xalqının və dövlətinin iradəsindən kənar heç bir prosesin reallaşmasının mümkün olmayacağını yəqin etməlidir. Məhz bu kontekstdə ölkə başçısı da qeyd etdi ki, “hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”. Eyni zamanda bir daha Ermənistana və Fransaya, revanşistlərə xəbərdarlıq edildi”.