Slovakiya Respublikasının baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri mühüm önəm kəsb edir. Prezident İlham Əliyevlə ölkəmizdə səfərdə Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun mətbuata verdiyi bəyanatında da vacib mesajlar səslənib. Vurğulanıb ki, Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar hadisələr yaşanır. Bu bir reallıqdır ki, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır. Sözsüz ki, Slovakiyanın baş nazirinin ölkəmizə səfəri çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanması olduqca önəmli amil kimi dəyərləndirilir.
Slovakiya Azərbaycanın müstəqilliyini 24 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. Slovakiyanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycanın isə Slovakiyada (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildə təsis edilib. İkitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Bu əlaqələrin nəticəsi olaraq Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir. Həmin şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldur. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə maraqlıdır. Eyni zamanda Milli Məclisdə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
İki ölkə arasında əldə edilən razılaşma çox ciddi siyasi sənəddir və əlaqələrin yüksək səviyyəyə qaldırılmasına xidmət edir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr ölkələr arasında gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir. Hazırda Azərbaycanla Slovakiya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Səfər çərçivəsində də bir çox sahələr üzrə aparılacaq işlərdə də önəmli razılıq əldə olunub. İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Birgə mətbuat konfransında da qeyd edilib ki, bu iki istiqamət üzrə tərəflər geniş fikir mübadiləsi aparıb. Məhz bu danışıqların nəticəsi olaraq müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında işlərə start verilib.
Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və 9-cu ölkənin Slovakiya olacağı ilə bağlı danışıqların aparılır. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb. Məhz bunun nəticəsi olaraq Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün imkanlar yaranıb. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Eyni zamanda, Azərbaycanın genişmiqyaslı yaşıl gündəliyi də icra edilir. Bu da bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması ilə qaza qənaət etmək imkanı yaradacaq.
Bütün bunlar onu göstərir ki, Azərbaycanla Slovakiya arasında münasibətlərdə yeni bir mərhələnin başlanır. Bunun nəticəsi olaraq Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, böyük rəmzi məna daşıyır. Əslində bu amil əlaqələrdə səmimiliyin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər nəzərdə tutulub”.
Nübar Ələkbərova
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Novxanı 4 saylı ərazi partiya təşkilatının (Novxanı su bağlar idarəsi) sədri