Prezident İlham Əliyev Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında vacib mesajlar verib. Bakıda keçirilən bu forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. Bu bir reallıqdır ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Ölkəmizin başçısı da forumda çıxışında dünyada yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidlərin müşahidə edildiyini söyləyib. Cənab Prezident bəyan edib ki, məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub.
Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub” – deyə cənab Prezident Forum iştirakçılarını çəlumatlandırıb. Bu bir reallıqdır ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Ölkəmizin başçısı da çıxışında Azərbaycanın müstəqilliyin ilk illərində çox böyük çətinliklər yaşadığını, dövlətimizi parçalamaq cəhdlərinin olduğunu da forumda diqqətə çatdırdı. Ölkəmizə qarşı işğal və separatçılıq cəhdlərinin olmasından bəhs olundu. Amma bütün bunlara Azərbaycan xalqının həmrəyliyini, birliyi sayəsində son qoyulduğu qeyd edildi. Bu amil ölkəmizdə milli maraqların qorunmasının hər zaman ümdə olduğunu bir daha təsdiq edir. Eyni zamanda ölkəmizdə mədəniyyətlərarası dialoq güclü şəkildə təşviq edilir. Bununla bağlı mütəmadı olaraq çoxsaylı tədbirlər təşkil olunur. Atılan bu addımlar dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir. Ölkə başçısının da qeyd etdiyi ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib. Ağır pandemiya dövründə belə Azərbaycan özünün təşəbbüsləri, yardımları ilə gündəmdə idi. Eyni zamanda ölkəmiz fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış edirdi. Bu gün isə ölkəmiz yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmasını təşviq edir. Cənab Prezidentin də vurğuladığı kimi XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşır.
Forumda həmçinin Azərbaycanın COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçilməsinin önəmindən bəhs edilib. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür: “Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq”. Azərbaycan bu gün özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkə kimi sülhü təşviq edir. Çünki Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Ermənistanın 30 illik işğalına son qoyuldu. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməsinə baxmayaraq işğala son qoyulmamışdı. Cənab Prezident də vurğulayıb ki, “biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.
Nübar Ələkbərova
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Novxanı 4 saylı ərazi partiya təşkilatının (Novxanı su bağlar idarəsi) sədri