
Slovakiya Respublikasının baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevlə ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun mətbuata verdiyi bəyanatında bir çox vacib məsələlərə dair fikirlər səslənib. Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar hadisələrin yaşandığı vurğulanıb. Eyni zamanda iki ölkə arasında əlaqələrdə yeni səhifənin açıldığı qeyd olunub. Slovakiyanın baş nazirinin ölkəmizə səfəri çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin bundan sonrakı dövr inkişafında daha böyük hədəflərin olduğunu göstərir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Slovakiya Azərbaycanın müstəqilliyini 24 yanvar 1992-ci ildə tanıyan ölkədir: “Dövlətlər arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. Slovakiyanın Azərbaycandakı səfirliyi 1 oktyabr 2019-cu ildə, Azərbaycanın isə Slovakiyada (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildən fəaliyyət göstərir. Sözsüz ki, ikitərəfli münasibətlərin genişlənməsində Prezident İlham Əliyevin Slovakiyaya səfəri mühüm əhəmiyyət kəsb edib. 18 mart 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfərdə olub. Məhz bu uğurlu əlaqələrin nəticəsi olaraq Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir. Bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsində yer alıb. Eyni zamanda Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıqda maraqlıdır”.

Millət vəkili Milli Məclisdə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini söyləyib: “İndiki mərhələdə isə iki ölkə arasında əldə edilən razılaşma çox ciddi siyasi sənəddir və əlaqələrin yüksək səviyyəyə qaldırılmasında müsbət amildir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr ölkələr arasında gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir. Azərbaycanla Slovakiya arasında siyasi əlaqələr yüksək səviyyədədir. Məhz bu səfərdə də bir çox sahələr üzrə aparılacaq işlərlə bağlı önəmli razılaşmalar əldə edilib. Müdafiə və müdafiə sənayesi sahələrinə aid əldə edilən sənədlər ölkə liderlərinin də birgə mətbuat konfransında qeyd olunub”
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycanın enerji siyasəti və onun coğrafiyasının genişlənməsi də iki ölkə lideri arasında aparılan müzakirələrdə xüsusi yer tutub: “Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac etdiyi 9-cu ölkənin Slovakiyanın olacağı ilə bağlı danışıqların aparıldığı qeyd olunub. Ötən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb. Bunun nəticəsi olaraq Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün imkanlar yaranıb. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Eyni zamanda, Azərbaycanın genişmiqyaslı yaşıl gündəliyi də icra edilir. Bütün bunların fonunda Azərbaycanla Slovakiya arasında münasibətlərdə yeni bir mərhələnin başlanıldığı müşahidə edilir. İşğaldan azad edilmiş Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra olunacaq. Təbii ki, bu böyük rəmzi məna daşıyır. Azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər nəzərdə tutulub”.