Artıq Bakı regional və qlobal müstəvidə vacib məsələlərin müzakirə edildiyi platforma hesab edilir. Azərbaycan regionda və qlobal miqyasda təhlükəsizlik adası kimi xarakterizə olunur. Cənubi Qafqazda həyata keçirilən bütün proseslərdə əsas aparıcı qüvə məhz Azərbaycandır. II Qarabağ müharibəsindən sonra bölgədə sülhə və təhlükəsizliyə heç bir təhdid qalmayıb. Azərbaycan özü təkbaşına sülhü beynəlxalq hüququ təmin edib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib: “Bölgədə qalıcı sülh üçün başlıca zəmin yaranıb. Uzun on illiklər kənar qüvvələrin qoruyub saxlamağa çalışdığı erməni separatizminə sarsıdıcı zərbə vurulub və o tarixin arxivinə göndərilib. Məhz bu kontekstdə Azərbaycan bölgədə söz sahibi, prosesləri diqtə edən tərəfdir”.
Millət vəkili hesab edir ki, ardıcıl olaraq Azərbaycanda keçirilən beynəlxalq tədiblər ölkəmizə inam və etimadın bariz nümunəsidir: “Bu bir reallıqdır ki, Azərbaycan hazırda mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi xarakterizə olunur. ADA Universitetində dünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilə keçirilən tədbir də bu xüsusda mühüm önəm kəsb edib. “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda ADA Universitetində keçirilən beynəlxalq forum ölkəmizdə keçiriləcək COP29 öncəsi xüsusi əhəmiyyətə malik idi. Eyni zamanda Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu olduqca böyük əhəmiyyətə malik tarixi hadisələr sırasında yer alır”.
Deputat qeyd edib ki, 110 ölkənin nümayəndəsinin iştirak etdiyi “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın artan nüfuzunun göstəricisidir: “Hazırda “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycan bu gün dünyada mədəniyyətlərin qovuşduğu məkan kimi səciyyələnir. Ölkəmizin coğrafi mövqeyi, Şərqlə Qərb arasında vacib körpü rolunu oynayır. Həmçinin Azərbaycanın çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olması cəmiyyətimizin əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlaması başlıca amil kimi önə çıxması ilə səciyyələnir. Sözsüz ki, bu uğurlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq reallığa çevrilən vacib amillərdir”.