Azərbaycan bütün dinlərin və müxtəlif mədəniyyətlərin bir arada, sülh şəraitində inkişaf etdiyi bir məkan kimi xarakterizə edilir. Azərbaycan bu gün bütün dünyada multikulturalizmin ən başlıca örnəyi kimi şöhrət qazanıb. Ernənistan isə 30 illik işğal dövründə Azərbaycanın arxeoloji irsinin məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasəti həyata keçirib. Təəsüf ki dünya birliyi o cümlədən dünyada xalqların məxsus olduğu dəyərləri qorumağa məsul olan YUNESKO Ermənistanın Azərbaycan ərazisindəki tarixi, dini, mədəni abidələrin barbarcasına dağıdılıb, məhv edilməsinə səssiz yanaşıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, erməni işğalı nəticəsində Azərbaycana məxsus 2645 tarix və mədəniyyət abidəsi, eləcə də 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri məhv edilib: “23 muzey, 102757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, şəxsi kolleksiyalarda saxlanan 50 mindən çox tarixi əhəmiyyətli ov və məişət əşyaları mədəni irs nümunələri dağıdılıb, məhv edilib və ya mənimsənilib. Həmçinin erməni təcavüzü dövründə 63 məscid tamamilə dağıdılıb, 4 məscid tanınmaz hala salınıb. Eyni zamanda proseslərə ikili standartlardan yanaşan bəzi qurumlar və ölkələr xüsusi ilə YUNESKO-nun davranışları təəccüb və təəsüf doğurur. Azərbaycanın talan edilən, dağıdılan, mənimsənilən irsinə qarşı YUNESKO kimi təşkilatların ikili standatlardan çıxış etməsi heç bir məntiqə uyğun deyil”.
Millət vəkili hesab edir ki, erməni işğalından azad edilən ərazilərə YUNESKO-nun xüsusi missiya göndərərək araşdırma aparmaması heç bir məntiqə və onların prinsiplərinə uyğun gəlmir: “YUNESKO bilməldir ki, Qarabağda ermənilər tərəfindən təkcə İslam dininə aid deyil, alban abidələri belə vandallığa məruz qalıb. Eyni zamanda Qərbi Azərbaycanda yüz illiklər boyu mövcud olmuş tarixi dəyərlərin, inanc yerlərinin, azərbaycanlıların yaratmış olduğu mədəniyyət abidələrinin dağıdılmasına YUNESKO-dan hər hansı mövqe bildirilməyib. Qərbi Azərbaycanda, Qarabağda azərbaycanlılara məxsus qəbristanlıqların belə barbarcasına dağıdılması nədənsə, YUNESKO-nun diqqətini cəlb etməyib. Azərbaycanın müvafiq strukturları YUNESKO-ya dəfərlərlə müraciət etsə də, cavab olmayıb”.
Məlahət İbrahimqızı vurğulayıb ki, YUNESKO BMT-nin mədəniyyət, təhsil, idman, turizm və digər sahələri əhatə edən qurumu olmasına baxmayaraq Azərbaycanla bağlı ikili standartlardan çıxış edir: “Faktiki olaraq təşkilat öz mandatına, vəzifələrinə aid olan məsələləri icra etmir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində dağıdılmış Azərbaycanın maddi-mədəniyyət nümunləri ilə bağlı heç bir hesabat aparmayıb. İrəvanda Azərbaycanlıların tarixən yaşadığı Təpəbaşı məhəlləsindəki tarixi-dini abidələrin məhv olunmasına YUNESKO indiyə kimi heç bir reaksiya verməyib”.