Fransanın Azərbaycana qarşı açıq düşmənçilik niyyəti və riyakarlıq üzərində qurulmuş oyunları bitmək bilmir. Rəsmi Paris hazırda özünün daxili problemlərinə diqqət yönəltmək əvəzinə Azərbaycana qarşı qara piardan əl çəkmir. Ermənidən daha çox erməni olan Fransa prezidenti Emmanuel Makron hər addımda Azərbaycana, qardaş Türkiyəyə qarşı əsassız iddialarla çıxış edir. Makron komandasının üzvləri də riyakarlıqda heç də ondan geri qalmır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları tamamilə yalan və riyakarlıq üzərində qurulub: “Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ölkəsi uzun müddət ərzində Azərbaycanda separatizmi dəstəkləyib. Bu azmış kimi keçmiş qondarma separatçı rejimin nümayəndələri Fransada mütəmadi olaraq dəvət edilib, onlara dəstək ifadə olunmuşdur”.
Deputat hesab edir ki, Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa Parlamenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan absurd və qondarma qərarlar qəbul edib: “Keçmiş separatçı rejimi tanıyan “qərar” və “qətnamələr” bunun bariz nümunəsidir. Ona görə də, Fransanın daxili işlər naziri Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə proseslərə daha ayıq başla yanaşmalıdır. Eyni zamanda Fransanının müstəmləkəçilik siyasətinin, Afrikada yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər onların yadından çıxmamalıdır. Rəsmi Paris və onun təmsilçiləri qətlə yetirdikləri milyonlarla günahsız insanı unutmamalıdır”.
Millət vəkilinə görə, hazırda Fransa hökumətin bütün davranışları beynəlxalq dövlətlərarası münasibətlərə, etik çərçivələrə sığmır: “Bu mənada ölkəmizin konstitusional dövlət quruluşu haqqında qəsdən işlədilən ifadələr qəbuledilməzdir. Tövsiyyəmiz odur ki, Fransa Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəksin. Eyni zamanda Fransa hakimiyyəti bir qrup erməni maraqlarına görə Azərbaycana qarşı apardığı qara piar kampaniyasına son qoysun. Çünki Parisin atdığı bütün addımlar onun ziyanına olacaq”.