Azərbaycan 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daima ölkəmizə qarşı vasitə kimi istifadə edib. Bu mənada Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsi kimi xarakterizə olunur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Avropa Parlamentində, Avropa Şurasında yer almış ermənipərəst deputatlar ancaq sifarişlə işləyir: “Məhz AŞPA-nın qış yarım-sessiyasının açılış günündə (22 yanvar) ölkəmizin nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi açıq şəkildə erməni lobbisinin maraqları fonunda baş verdi. Hələ o zaman da ölkəmizə qarşı ermənipərəstlərin başında gedən, sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe Azərbaycana qarşı almış olduğu göstərişlər fonunda hərəkətə keçdi. Heç bir halda Azərbaycanla, bu bölgə ilə bağlılığı olmayan Şvabenin açıq şəkildə birmənalı mövqe tutması ancaq erməni lobbisinin maliyyə imkanları ilə izah olunur”.
Deputat hesab edir ki, bu günlərdə yenidən Azərbaycana qarşı daxili aləminin ziddiyyətləri fonunda kin-küdürət üfürən Frank Şvabe əsassız, heç bir məntiqə uyğun olmayan məsələləri gündəmə gətirib: “Siyasi korrupsiyanın girdabına ilişib qalmış Şvabe bu günlər öz maraqları naminə ermənidən daha çox ermənilik edir. Fransa prezidenti Emmanuel Makron azmış kimi almaniyalı deputatın davranışlari heç bir halda Avropa dəyərlərinə uyğun gəlmir. Dövlətlərin daxili işlərinə qarışmaq, xalqların iradəsini imitasiya etmək görünür Şvabe kimi ermənipərəstlər üçün çox asandır. Amma Şvabe kimi riyakar və iki üzlü siyasətçilər unudur ki, indi bölgədə prosesləri diqtə edən tərəf qalib, güclü Azərbaycandır. COP29 kimi beynəlxalq, mötəbər bir təşkilata ev sahibliyi edəcək Azərbaycana qarşı davamlı şəkildə açıq düşmənçilik xətti yürüdən Şvabelər üçün bu heç də yaxşı sonluq vəd etmir”.