Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli dövlət xadimi idi. Ümummilli lider öz həyatını doğma xalqına həsr edərək, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edib. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparmağa nail olub. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Ulu öndər Heydər Əliyev müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına da xüsusi olaraq diqqət yetirib. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri önə çəkirdi. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması hesab olunur. Çünki Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəslə ötürməyi bacarıb. Bu mənada xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdib.
İkinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə təsdiq edib. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirməyə nail olub. Məhz bu uğurlu siyasi strategiyanın nəticəsi olaraq müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşanır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən böyük uğur və inamla davam etdirilir. Sözsüz ki, azərbaycançılıq məfkurəsinin formalaşması və təbliği birmənalı olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdı. Ulu öndər heç də təsadüfən vurğulamırdı ki, “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Ulu öndər Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.
Azərbaycanı yox olmaqdan parçalanmaqdan xilas edən ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsi ilə suverenliyimizin qorunub təmin edilməsiniə nail olmağın yol və istiqamətlərini müəyyənləşdirib. Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik ərazi bütövlüyümüzü təmin edəcəyik”. Sözsüz ki, ulu öndərin milli birliyimizə hədəflənən strateji planları sayəsində biz qalib olduq özümüzə məxsus olanı işğalçıdan ala bildik. Artıq Dünya Azərbaycanlılarının Şuşada qurultayı keçirilib. Bu ulu öndər Heydər Əliyevin görmək istədiyi qalib Azərbaycanın real mənzərəsinin əksi idi. Çünki illərdir, 50 milyonluq dünya Azərbaycanlıları “Azərbaycançılıq” ideologiyası ətrafında birləşib. Soydaşlarımızın qarşısında qoyulan əsas vəzifə yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi, mədəni həyatında yüksək mövqelər tutmaq, eyni zamanda tarixi Vətənləri ilə əlaqələri kəsməmək idi. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşıb. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. Bölgədə yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunması təbii ki, bizim üstünlüyümüzdür.
Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməklə “Dəmir Yumruğa” çevrildi və 2020-ci ilin 27-i sentyabrında balayan 44 günlük Vətən müharibəsi ilə özünün tarixi torpaqlarını erməni işğalından azad etdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycan öz ərazisi üzərində suverenliyini tam təmin etməyə nail oldu. Sözsüz ki, azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına tarixi zəmin formalaşdırmışdı. İndi biz qalib xalq olaraq bundan sonra da ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq xalqımızın və dövlətimizin daha da çiçəklənməsi və qüdrətlənməsi istiqamətində ardıcıl səylərimizi davam etdirəcəyik.
Nübar Ələkbərova
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Novxanı 4 saylı ərazi partiya təşkilatının (Novxanı su bağlar idarəsi) sədri