Bu gün Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi xarakterizə olunur. ADA Universitetində dünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilə keçirilən tədbir də bu xüsusda mühüm önəm kəsb edir. “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda ADA Universitetində keçirilən beynəlxalq forum ölkəmizdə keçiriləcək COP29 öncəsi xüsusi əhəmiyyətə malikdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev vacib mesajlar səsləndirib: “COP29-un ölkəmizdə keçirilməsinin Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürü kimi qiymətləndirilib. Azərbaycanın COP29-a sədrliyinin təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi dəyərləndirilib. Ölkəmizin başçısı forumda müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandırıb. Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi ətrafındakı proseslər forum iştirakçılarının diqqətinə çatdırılıb”.
Deputat bildirib ki, cənab Prezident tərəfindən qardaş Türkiyə ilə Azərbaycan arasında olan müttəfiqliyin bütövlükdə region və qlobal xarakterdə sülhə və təhlükəsizliyə başlıca zəmin yaratdığı vurğulanıb: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır. Bu xüsusda Azərbaycan və Türkiyədə aydın mövqe var. Sözsüz ki, Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel gedir. Bu Azərbaycanın və qardaş Türkiyənin mövqeyidir”.
Məlahət İbrahimqızı qeyd edib ki, forumda cənab Prezident COP29-un Cənubi Qafqazda gələcək əməkdaşlıq üçün yol açacağı, mühüm fürsət olacağını vurğulayıb: “Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, o cümlədən Qazaxın dörd kəndinin dinc yolla qaytarılması sülh üçün yaxşı şansdır. Ölkəmizin başçısının da qeyd etdiyi kimi COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək imkanları mövcuddur. Azərbaycan sülh prosesini davam etdirməkdə qərarlıdır. Tarixi ədalət, beynəlxalq hüquq bərpa edilib. Artıq region üçün qalıcı sülhün təmin olunması başlıca amildir. Azərbaycan hər zaman olduğu kimi sülh mövqeyinə sona kimi sadiqdir”.