Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Almaniyaya işgüzar səfərə tarixi əhəmiyyət kəsb edib. Cənab Prezidentin təyyarəsi azad edilmiş torpaqlarımızdan Füzuli Beynəlxalq Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirib. Bu azad edilmiş torpaqlarımızdan dünyaya verilən növbəti mesaj xarakterini özündə ehtiva edən mühüm amildir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır: “Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Bu xüsusda COP29-a ev sahibliyi etmək Azərbaycan üçün böyük önəmə malikdir. Azərbaycanın yaşıl enerji gündəliyi hər kəsə aydındır. Avropaya yaşıl enerjini ixrac etmək üçün ölkəmiz fəal iş aparır. Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı kimi də çıxış etmək niyyətindədir. Bu olduqca strateji əhəmiyyət kəsb edən amildir. Ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaq. Almaniyada keçirilən vacib tədbirdə həmçinin Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları da gündəmdə oldu. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşü və aparılan müzakirələr xüsusi ilə qeyd olundu. Almaniyanın xarici işlər naziri bu məsələdə dəstəyi ifadə edildi. Növbəti görüşlərin Qazaxıstanda keçiriləcəyi və beləliklə, sülh sazişinin imzalanmasına doğru tərəflərin əlavə addımlar atacağı vurğulandı”.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyev Almaniyada Azərbaycanın ərazi bütövlüyünün tam bərpa etdiyini bir daha bəyan edib: “Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etdi. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa olundu. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin edib. Hazırda isə Azərbaycanla Ermənistan arasında sülh müstəvisində gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası başlayıb. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi geri qaytarılır. Artıq Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırıb. Eyni zamanda Qarabağda və Şərqi Zəngəzurda bərpa, yenidənqurma işlərinin maksimum şəffaf şəkildə aparıldığı vurğulanıb. Məhz bunun nəticəsidir ki, müharibədən cəmi üç il yarım vaxt keçməsinə baxmayaraq artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkünün geri qayıdacağı planlaşdırılır”.
Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında Azərbaycanın gündəmində olan əsas hədəflərdən bəhs etdiyini vurğulayıb: “Hazırda COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın qlobal tədbirə hazırlığın fəal mərhələsində olduğu bildirilib. Bu mötəbər tədbirə ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir. Bu beynəlxalq ictimaiyyətin Azərbaycana, atılan addımlara o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətə olan yüksək qiymətin təzahürüdür. Bu amil Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Ölkəmizin beynəlxalq təşkilatlara rəhbərlik etmək və tədbirlərə ev sahibliyi ilə bağlı zəngin təcrübəsi var. Bu bir reallıqdır ki, Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il ərzində uğurla sədirlik edib”.