Neokolonializm siyasətini hələ də davam etdirən ölkə Fransadır. Bu bir reallıqdır ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqları hesab olunur. Fakt odur ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etmir. Bu Fransanın yeni müstəmləkəçilik siyasətinin mahiyyətini göstərən mühüm faktdordur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Fransa “ölmüş” kolonializmi reinkarnasiya olmuş neokolonializm ideyasına nəfəs vermək iddiasındadır: “Bu isə beynəlxalq münasibətlər sistemində riyakarlığı aşılayan təhlükəli bir yanaşmadır. Çünki İslamofobiya termini Fransada özünü nəzəriyyədən praktikaya qədər təsdiq edir. Bu mənada müstəmləkə administrasiyası, ideyası Fransanın tarixində qara ləkə kimi yer alıb. Fransız millətçiləri İslama qarşı mövqelərini dəyişməyib”.
Deputat hesab edir ki, indiki halda Emmanuel Makron Fransası Afrika ilə münasibətləri canlandırmaq niyyətindədir: “Amma Fransanın müstəmləkə keçmişini geridə qoymaq istəyən Afrika ölkələri bu yanaşmaları qəti şəkildə rədd edir. Buna baxmayaraq Fransa Afrika ölkələri ilə müstəmləkə keçmişini düzəltmək üçün müəyyən addımlar atır. Xüsusi ilə Makron Fransa-Afrika münasibətlərində yeni səhifənin açmaq üçün fərqli hiyləgər siyasət həyata keçirir”.
Millət vəkilinə görə, Makron Fransası regiondakı mövcud reallıqları düzgün qiymətləndirmir: “Bu gün Azərbaycana təsir etmək üçün müxtəlif “qərarlar” qəbul edən Fransa Cənubi Qafqazda özünün müstəmləkə siyasətini tətbiq etməyə çalışır. Beynəlxalq təşkilatlarda ölkəmizin əleyhinə qətnamələrin qəbul olunmasına çalışmaqla yanaşı rəsmi Paris açıq şəkildə Ermənistanı silahlandırır. Məqsəd Azərbaycana bütün vasitələrdən istifadə edərək təzyiq etməkdir. Amma bütün bunlar Cənubi Qafqazda olmaq istəyən Fransanı regiondan daha da uzaqlaşdırır. Beləliklə, Fransa ölkəmizə qarşı məkrli siyasət aparmaqla Mərkəzi Asiya ölkələri ilə əlaqə qurmaq imkanlarını da itirir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Fransa kimi bəzi dövlətlər və təşkilatlar Azərbaycanla təhdid dili ilə danışa bilməz: “Fransa bu gün Azərbaycanla təhdid, şantaj dili ilə danışmaqla, regionda sülhün əldə edilməsinə mane olur. Bunu əksinə Ermənistanı silahlandırmaqla Fransa bölgədə nəyəsə nail olacağını düşünür. Amma bütün bunlar mənasızdır və heç bir təsir imkanlarına malik deyil. Cənab Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, “Azərbaycanla kimsə təhdid, şantaj dili ilə danışa bilməz”.