Ölkəmizdə sabitlik mövcuddur. İnsanlaırmız heç bir narahatlıq olmadan özlərinin günlük həyat tərzinə uyğun təhlükəsiz şəraitdə yaşayır. Güclü və qalib Azərbaycanda hər kəs özünü qürurlu vətəndaş hesab edir. II Qarabağ müharibəsi nəticəsində bölgədə sülhə, təhlükəsizliyə başlıca təhid olan Ermənistanın işğal faktına, 2023-cü ilin sentyabrında isə separatizmə birdəfəlik son qoyulub. Bu baxımdan Azərbaycan regionda sabitlik, təhlükəsizlik adası kimi xarakterizə olunur.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regional və qlobal müstəvidə söz sahibidir: “Ölkəmiz vacib beynəlxalq tədbirlərin ev sahibi, təşəbbüskarı, təşkilatçısıdır. Bölgədə müharibə və münaqişə bitib. Azərbaycan Vətən Müharibəsindən sonra Ermənistana 5 bəndlik sülh konsepsiyası təklif edib. Hazırda Azərbaycanla Ermənistan arasında sülh müstəvisində danışıqlar davam edir. Bunun bariz nümunəsi olaraq Azərbaycanın erməni işğalında qalan Qazaxın 7-i kəndindən anklav olmayan 4 kəndi heç bir güllə atmadan təhvil verilir. Əminik ki, Qazaxın anklav olan 3 kəndi və Naxçıvanın Kərki kəndi Azərbaycanın suverenliyi prinsipi əsasında həllini tapacaq”.
Deputat hesab edir ki, Azərbaycan bütün bu uğurlara ölkədə mövcud olan möhkəm ictimai-siyasi sabitlik və xalq-iqtidar birliyinin, monolitliyinin nəticəsində nail olub: “Amma çox təəsüf ki, tarixdə heç vaxt bu qədər güclü olmamış və öz hüquqlarını, ərazi bütövlüyünü təmin etmiş Azərbaycana qarşı kənarda olan qüvvələrlə yanaşı daxildə də bəzi anti-milli ünsürlər qısqanclıqla yanaşır. Uzun on illiklər Azərbaycana qarşı işğal faktı üzərindən böyük maliyyə imkanları toplamaqla maraqlarını təmin etmiş erməni lobbisi ilə yanaşı daxildə AXCP və “Milli Şura” mümkün qədər proseslərin əksinə çıxır, riyakarlıq edir, mənfi rəy yaratmağa çalışır. Sözsüz ki, Azərbaycan və Türkiyə erməni lobbisinin uzun on illiklərdə hansı oyunlara əl atdığından məlumatlıdır və onların artıq əl-qolu bağlanır. Çox təəsüf ki, ermənipərəst Fransa kimi ölkələrin, erməni lobbisinin fitvası ilə hərəkət edən AXCP sədri Əli Kərimov və “Milli Şura” da yer almış anti-milli qüvvələr yenidən öz çirkin oyunlarından əl çəkmir. Bu günlərdə guya mitinq keçirəcəkləri ilə bağlı fərziyələr ortaya atan AXCP sədri əslində öz havadarlarına daha çox yardım göndərin mesajı verirdi”.
Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan cəmiyətində anti-milli ünsürlərə heç vaxt yer olmayıb: “Xalqımız bu qüvvələrin apardığı yanlış siyasətin ağır nəticələrini yaşayıb. Məhz bu qüvvələrin yarıtmaz siyasəti nəticəsində Azərbaycanın torpaqlarının 20 faizi işğal altına düşmüş, 1 milyon vətəndaşımız öz ölkəsində qaçqına çevrilmişdi. Ona görə də, Əli Kərimov kimi anti-milli ünsürlər üçün yeganə ünvan tarixin zibilliyidir. Sosial şəbəkə platformalarında özünü bəzilərinə süddən çıxmış ağ qaşıq kimi təqdim edən Əli Kərimovun əsl siması haqqında cəmiyyətimizdə tam dolğun informasiya var. Bu baxımdan da radikal müxalifətin bütün cəhdləri növbəti dəfə özlərinin ifşası və biabırçı şəkildə rüsvayçılığı ilə bitəcək”.