Prezident İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışında ölkəmizin su təsərrüfatı, qeyri-neft sektoru, regionların sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrdən danışıb. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyət kəsb edir. 1958-ci ildə inşa edilmiş Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərdiyi üçün yararsız vəziyyətə düşmüşdü. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq.
Bunu Siyasətinfoya Milli Məclisi deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, icra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək: “Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Cənab Prezident də suvarma kanalının təməlqoyma mərasimində bu istiqamətdə görülən işlərdən bəhs edib. Məhz bu kanalın inşası nəticəsində Hacıqabul gölü də dolacaq və təbiətə çox müsbət təsir edəcək. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Bu kontekstdə həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr bu qəbildəndir. Şimal, Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılıb. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Bu xüsusda Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsidir. Gələn ildən inşasına başlanan Qarabağ kanalı isə 115 min hektarı əhatə edəcək”.
Millət vəkili hesab edir ki, bütün bunlar qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsinə xidmət edir: “İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıqların olduğu dövrdə Azərbaycanda bu sahədə atılan addımlar olduqca önəmlidir. Ölkəmizdə yağıntıların normal səviyyədə, çaylarda sululuğun olmasına baxmayaraq Xəzər dənizinin dayazlaşması baş verir. Bu amil su ehtiyatlarından səmərəli istifadəni də qarşıya məqsəd kimi qoyur. Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb. Qazlaşdırma, elektrik enerjisi ilə təminat baxımından lazımı işlər görülüb. Yeni, müasir yollar çəkilib ki, bu da insanların rahatlığına xidmət etməklə yanaşı bütün sahələrin inkişafına müsbət təsir edən amillərdəndir. Bu gün ölkəmizin bütün su ehtiyatları dövlətimizin öz nəzarətindədir”.
Deputat cənab Prezidentin də vurğuladığı kimi vaxtilə Ermənistan torpaqlarımızla yanaşı su resurslarını da işğal etdiyini söyləyib: “Vətən müharibəsi və antiterror tədbirlərinin nəticəsində ölkəmiz özünün su mənbələrimizə tam sahib olub. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkəmizin ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi daxili mənbələr hesabına formalaşmasıdır. Artıq erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona su veriləcək. Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli rayonundakı Köndələnçay su anbarı, inşası davan edən Zabuxçay su anbarı, Suqovuşan su anbarı ölkəmizdə su təsərrüfatının yaxşılaşmasına vacib töhfə olacaq. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi də məhz bu qəbildən olan işlərdəndir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görüldüyü suvarma kanalının təməlqoyma mərasimində dövlətin daima diqqət mərkəzində olduğunu cənab Prezidentin niqtində tam ifadə edildi: “Yaşayış evləri, infrastruktur, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanlarının inşası dövlətimizin gücünü, iradəsini göstərir. Təbii ki, şirin su mənbələri ilə yanaşı Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüslərindən biridir. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə ediləcək. Bütün bunlar ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın artmasına təsir edən başılıca amillərdir. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb. Bu da geri qayıdan insanların həyat və fəaliyyətinin təminatına, onların normal şəraitdə yaşamasına hesablanmış vacib addımlardır”.