Azərbaycanlıların tarixi dədə-baba torpaqlarından zorla deportasiya edilməsi ilə bağlı beynəlxalq birlik tərəfindən heç bir adekvat addım atılmayıb. İndiki Ermənistan ərazisində, yəni tarixi Azərbaycan torpaqlarında yaşamış azərbaycanlıların məhz milli mənsubiyyətinə görə zorla deportasiya edilməsi etnik təmizləmə, yaşayış yerindən və hüququndan məhrumetmə idi. Erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində 300 mindən artıq soydaşımız öz tarixi torpaqlarından, dəyərlərindən, mənəvi-psixoloji cəhətdən bağlı olduğu torpaqlardan zorla qopardılıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, indiki dövrdə tarixi situasiya dəyişib və azərbaycanlıların öz ata-baba yurdlarından zorla qopardılmasına qarşı beynəlxalq birliyin reaksiyası tələb olunur: “Qərbi Azərbaycan İcması məhz bu xüsusda azərbaycanlıların pozulmuş hüquqlarının bərpası ilə bağlı təşkilatlanıb. Artıq beynəlxalq təşkilatlara bununla bağlı zəruri məktublar, müraciətlər edilib. BMT-nin Qərbi Azərbaycandan vaxtilə zorla deportasiya edilmiş azərbaycanlıların hüquqlarının bərpasına dair zəruri addımlar atması üçün təşkilat tərəfindən lazımı müraciətlər göndərilib”.
Millət vəkili bildirib ki, 2020-ci 44 günlük Vətən Müharibəsi və 2023-cü il bir günlük lokal antiterror tədbirlərindən sonra Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib: “Qərbi Azərbaycanlıların öz tarixi ata-baba yurdlarına geri dönüşü və uzun on illiklər pozulmuş hüquqlarının bərpası istiqamətində də artıq işlər aparılır. Amma buna baxmayaraq hələ də bəzi Qərb dövlətləri, Fransa və ABŞ kimi ölkələr ermənipərəst siyasətindən əl çəkmir. Tarixi təhrif etməklə, uydurma erməni yalanlarına rəvac verməklə əsassız iddiaların gündəmə daşınmasına can atır”.
Deputat hesab edir ki, bu günlərdə ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsini qaldırması heç bir məntiqə və əsasa malik deyil: “Görünən odur ki, erməni lobbisinin fitvası ilə hərəkət edən ABŞ səfiri əsl reallıqdan xəbərsizdir, ya da ki, onun əsl həqiqətləri söyləməyə cəsarəti çatmır. Çünki səfir Kvien Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdış hüququnun bərpası ilə bağlı danışsa daha yaxşı olardı. Çox təəsüf ki, Amerika səfiri Qərbi Azərbaycanlıların Ermənistan tərəfindən pozulmuş fundamental hüquqlarının təmin edilməsini gündəmə gətirməyib. Bu isə açıq şəkildə riyakarlığın, ikiüzlü siyasətin, etnik təmizləmə siyasətinə olan birmənalı yanaşmanın göstəricisidir”.