Xalq qarşısındakı xidmətləri, fəaliyyətləri əvəzolunmaz, təkararsız olan şəxsiyyətlərdən olan görkəmli ictimai xadim, akademik, oftalmoloq-alim Zərifə xanım Əliyevadır. Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş edib. O ən ağır, mürəkkəb əməliyyatlar apararaq görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb. Bu yüksək insanlıq təkcə bilik, savadla deyil, gendən, Onun böyüdüyü ailədən gələn keyfiyyətlərlə bağlı olub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ötən il ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisələrin təntənə ilə qeyd edildiyi bir tarix oldu: “Ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda çağdaş dövlətimizin qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin və görkəmli elm xadimi, tibb elminə çox böyük töhfələr vermiş, tanınmış ictimai xadim, nurlu insan Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü böyük ehtiram və minnətdarlıqla qeyd edildi. Zərifə xanım göz həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsi idi. Elə bir işıq ki, bu işıqdan hər kəsə pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara…Tibb elminə verdiyi bir sıra qiymətli nailiyyətləri ilə akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin və mənəvi ucalığın ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik və insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretinin əsas cizgilərdir. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına qiymətli töhfələr bəxş edib və bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibb elminin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir”.
Deputat bildirib ki, bütün bu uğurların kökündə isə Onun aldığı ən mükəmməl həyat dərsi dayanırdı: “Qafqaz xalqlarının xilaskarı, İrəvan ədəbi mühitinin görkəmli ziyalılarından və şəxsiyyətlərindən olan Əziz Əliyevin ailəsində doğulub boya-başa çatan Zərifə xanım Əliyevanın taleyində bu ocağın və mühitin həlledici rolu olub. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, insanlara sevgisi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, əməksevərlik, doğma ocağa, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər onun həyatında öz təcəssümünü tapmışdı. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir. Zərifə xanım ilk növbədə həkim idi və O, bu peşəni çox uca tuturdu. Həkimi günəşə bənzədərək O, deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”.
Millət vəkili hesab edir ki, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlanması məhz akademik Zərifə Əliyevanın gərgin əməyinin nəticəsində mümkün olub: “Zərifə xanım Əliyeva Moskvadan vətənə qayıdaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda O, namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübədə uğurla tətbiqini tapır və nəticədə respublikamızda traxoma bir xəstəlik kimi ləğv olundu. Eyni zamanda Zərifə xanım peşə xəstəliklərini dərindən öyrənmək məqsədilə uzun illər respublikamızın onlarla iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Məhz bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. Qeyd etmək lazımdır ki, O, həmin mükafata layiq görülən ilk qadın alim idi. Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Zərifə xanım Əliyeva bir sıra dərs vəsaiti və monoqrafiyaların da müəllifi olub: “Onun “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” kimi əsərləri bu gün də oftalmalogiya sahəsində xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, Görkəmli Alimin göz yaşı xəstəliklərinə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri tibb ictimaiyyəti tərəfindən böyük elmi mənbə kimi maraqla araşdırılır. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də çox ciddi məşğul olub və bu sahəyə dair çox önəmli iki monoqrafiya hazırlayıb. Fəxrlə demək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitablar da məhz Zərifə xanım Əliyeva tərəfindən yazılıb. Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə xanım Əliyevanın açmış olduğu yol ölkəmizdə ildən-ilə daha da genişlənir, onun zəngin irsi, pedaqoji fəaliyyəti dərindən araşdırılır, öyrənilir və çoxsaylı tədqiqat əsərinin mövzusuna çevrilir”.