Azərbaycanda hər zaman milli dəyərlərə böyük hörmət var. Xalqımız bu dəyərlərə sadiqliyini onu əsrlərlə yaşadaraq inkişaf etdirib. Tariximizin bütün dövrlərində və ən ağır sınaqlar qarşısında, kataklizmlərin baş verdiyi situasiyalarda xalq ona məxsus olan zəngin dəyərlərdən imtina etməyib. Çünki Azərbaycan xalqı hər zaman öz milli kimliyi ilə məhz zəngin, qədim tarixə, ənənələrə malik olan dəyərləri ilə yüksəlib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan özünün etnik, milli müxtəlifliyi, ayrı-ayrı xalqların bir ailə kimi yaşadığı unikal məkan kimi səciyyələnib: “Məhz bu mənada ölkəmiz dünyada tolerantlıq məkanı kimi xarakterizə olunur. İslam dəyərləri və digər xalqların sahib olduğu fundamental prinsiplərə hər zaman sayğı göstərilib. Dünyəvi dövlət olmasına baxmayaraq Azərbaycanda bütün dini bayramlar o cümlədən Ramazan təqvimi böyük çoşqu və sevgi ilə qeyd olunur”.
Deputat bildirib ki, bütün dini və digər bayramlarda Azərbaycan Prezidenti İlham Əliyevin bayram təbriki ilə bu dəyərlərə olan hörmət, sayğının göstəricisi kimi yüksək qiymətləndirilir: “Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bütün dinlərin təmsilçiləri bir ailə kimi yaşayır, fəaliyyət göstərir. Ramazan bayramı İslamın ən böyük dəyərlərini özünə ehtiva edən ənənələrin daşıyıcısıdır”.
Millət vəkili vurğulayıb ki, xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanların ən əziz ayıdır: “Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhi aşılanır. Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin formalaşmasında başlıca rola malikdir. Cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında bu prinsiplər başlıca rol oynayır”.
Məlahət İbrahimqızı Azərbaycanda son dörd ildə bütün bayramlar kimi Ramazan bayramının da fərqli ab-havada qeyd olunduğunu söyləyib: “2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutan lokal antiterror tədbirləri ilə Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Məhz Ramazan bayramında da ölkəmizin hər yerində xalqımız əmin-amanlıq üçün dualar olunur, şəhidlərimizin əbədi xatirəsi böyük ehtiramla yad edilir. Öz mənəvi və kimliyi üzərində daha da güclənən qalib Azərbaycanda edilən dualar fonunda hər bir vətəndaşımıza saflıq, can sağlığı, ruzi-bərəkət arzulayırıq. Ramazan bayramınız mübarək olsun”.