Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı və Ermənsitan arasında keçirilən görüşün mahiyyəti artıq bütün ictimaiyyətə bəllidir. Bütün imkanlarını səfərbər edib Ermənistan naminə iddialarını reallaşdırmağa çalışanların əsl siması açıldı. Bölgədə yaranmış yeni reallığa qarşı Ermənistan üzərində oynanılan oyunların detalları bildindi. Azərbaycan haqlı olaraq bu görüşün təxribat xarakterli siyasi şou olduğunu bəyan etmişdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Brüsseldə baş tutan görüş mahiyyəti etibarı ilə Ermənistanın alət rolundakı obrazına yeni bir rəng qatmış oldu: “Bu günə qədər bağlı qapılar arxasında Ermənistanın maraqları naminə var-gəl edənlər bunu artıq açıq şəkildə həyata keçirir. 30 ilə yaxın Azərbaycanın beynəlxalq müstəvidə pozulmuş fundamental hüquqlarına səssiz qalan dünya birliyi əls mahiyyətini nümayiş etdirdi. Sözsüz ki, burada erməni lobbisinin maliyyə imkanları müstəvisində oynanılan oyunlar da əsas amildir”.
Deputat hesab edir ki, Cənubi Qafqazda II Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqla heç bir halda barışmaq istəməyən Qərb və Amerika ən müxtəlif platformalarda bu prosesi pozmaqda davam edir: “Brüsseldə Ermənsitana guya iqtisadi, hümanitar dəstək adı altında edilən yardımlar məsələsi gündəmə gətirildi. Halbuki bu gün Ermənistanın işğalı və dağıdıcı təcavüz siyasətinin nəticəsi olaraq Azərbaycanın 20 faizlik ərazisində böyük fəlakət yaşanıb. 1 milyondan artıq azərbaycanlı bu işğalın ağır nəticələrini 30 ildən artıq yaşamaq məcburiyyətində qalıb. Ermənistan azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə həyata keçib. Tarixi, mədəni-mənəvi, dini abidələr məhv edilib. Amma Qərb Ermənistana buna görə gözün üstə qaşın var deməyib”.
Məlahət İbrahimqızına görə, Azərbaycan bu gün özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi bölgədə yeni reallığın müəllifidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz sülh arxitekturasına çevrilməkdədir. Ermənistan və onun havadarları nə qədər bu kimi oyunlar oynamağa çalışsalar da Azərbaycan özünün siyasi, iqtisadi, hərbi gücü hesabına bölgədə balansı qoruyacaq. Qardaş Türkiyənin müttəfiqliyi ilə bölgədə yaranmış sülh və əməkdaşlıq formatı xalqların və dövlətlərin əməkdaşlığına, inkişafına xidmət edəcək”.