Ermənistan 5 aprel Brüsseldə Avropa İttifaqı-Ermənistan və ABŞ arasında baş tutan görüşə qədər və ondan sonra Azərbaycanla şərti sərhəddə hərbi təxribatlar törədir. Naxçıvan, Kəlbəcər, Tovuz və digər sərhədyani ərazilərdə erməni tərəfi hərbi təxribatlarını dayandırmır. Bəlli fasilədən sonra iki ölkənin şərti sərhəddində atəş səsləri eşidilir. Bu sözsüz ki, Ermənistanın növbəti hərbi avantürasıdır. Təbii ki, güclü və qalib Azərbaycan qarşısında bu kimi təxribatlar cavabsız qalmır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistanın indiki halda əl atdığı hərbi təxribatlar daha çox diqqət cəlb etmək üçündür: “Brüssel görüşünə özləri üçün az qala xilas yolu kimi baxan erməni tərəfi buradan “əli güclü” çıxacaqlarına ümid edirdi. Təbii ki, havadarları onlara belə bir vəd vermişdi. Hər zaman az qala dünyanın guya bunlar qarşısında “borclu” olduğunu düşünən Ermənistan isə nələrəsə ümid edirdi”.
Millət vəkili hesab edir ki, II Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib: “Bölgədə sülhə, təhlükəsizliyə başlıca təhdid olan Ermənistanın işğal faktına son qoyulub, separatizmə sarsıdıcı zərbə vurulub. Azərbaycan müharibədən dərhal sonra Ermənistana sülh təklif edən tərəf kimi bu gün də bütün platformalarda, eyni zamanda ikitərəfli qaydada danışıqlara sadiq olduğunu bəyan edib. Reallıq isə odur ki, Azərbaycan və Ermənistan tərəfi bu gün heç vaxt olmadıqları qədər sülhə daha yaxındır. Amma sözsüz ki, bölgədə qalıcı sülhün olması kimlərisə narahat edir. Fransa kimi ölkələr bundan ciddi narahat olub. Ona görə də, davamlı şəkildə Ermənistanın silahlanması üçün Makron hakimiyyəti bütün imkanlarını səfərbər edib. Məqsəd isə Cənubi Qafqazda nəhayət əldə olunacaq sülh prosesini pozmaqdır”.
Deputat bildirib ki, məhz bu kontekstdə aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Ermənistan-Avropa İttifaqı görüşü Cənubi Qafqazda İrəvanın vasitəsilə yeni məkrli planların işə düşməsinə hesablanmış gediş idi: “Görüşün adını Ermənistan iqtisadiyyatına və demokratiyanın inkişafına dəstək qoymaqla onun mahiyyəti dəyişmədi. Ona görə də, Brüssel görüşünün məqsədləri regionda sülh quruculuğuna böyük təhdid hesab edilir”.