Konqo respublikasının prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk dəfə olaraq səfər etməsi tarixi əhəmiyyət kəbs edir. Səfər iki ölkə arasında əlaqələrin bundan sonrakı inkişafında təsirli rola malik olacaq. Cənab Prezident İlham Əliyevlə ikitərəfli və nümayəndə heyyətlərinin iştirakı ilə keçirilən görüşdə qarşıda duran məsələlər geniş müzakirə olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında da olduqca önəmli məsələlərə toxunulub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
“Konqo Respublikasının Prezidenti Azərbaycanla Konqo arasında güclü dostluq əlaqələrinin yaranacağından bəhs edib. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərin bundan sonrakı inkişafında vacib rola mlikdir. Bu sənəd əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Artıq iki ölkə arasında mühüm əməkdaşlıq istiqamətləri müəyyənləşib. Bu amil dövlətlərarası siyasi münasibətlərin bundan sonra uğurla inkişaf edəcəyinə zəmin yaradır” – deyə o qeyd edib.
Deputat bildirib ki, Prezident İlham Əliyev də çıxışında BMT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla Konqo arasında əməkdaşlıq əlaqələrinin inkişaf dinamikasından bəhs edib: “Hər iki ölkənin bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında fəaliyyətini davam etdirəcəyi qeyd olunub. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqodan hər zaman dəstək görüb. Azərbaycanın təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini ifadə edib. Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı təmin olunub. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları yaradılıb. Artıq Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilat kimi çıxış edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır və 121 üzvü var. Təşkilatın dünya miqyasında rolunun artırılması ölkələrin ümumi marağına xidmət edir”.
Millət vəkili Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizənin əsas yer tutduğunu söyləyib: “Burada Bakı Təşəbbüs Qrupunun dünya miqyasında gördüyü işlər diqqətlə izlənilir. Məhz bunun nəticəsidir ki, bu qurum böyük hörmətə malikdir. Beynəlxalq səviyyəli qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaqdır. Eyni zamanda müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək başlıca amaldır”.
Aqil Məmmədov Azərbaycanla Konqo arasında investisiya layihələri ilə bağlı prioritetlərin olduğunu vurğulayıb: “Kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün perspektivlər mövcuddur. Strateji əməkdaşlıq üçün də əsaslar var. Qarşılıqlı səfərlər bu istiqamətdə vacib rol oynayır. Sovet dövründə Konqodan olan tələbələr Azərbaycanın ali məktəblərdə təhsil alıb. Məhz bu günki əlaqələr də münasibətlərin dünəndən bu günə inkişaf dinamikasını göstərir”.