Konqo respublikasının prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri mühüm önəm kəsb edir. Bu səfər iki ölkə arasında əlaqələrin bundan sonrakı inkişafında vacib əhəmiyyətə malikdir. Keçirilən görüşlər, aparılan müzakirələr səfərin zəngin xarakterə malik olduğunu göstərir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezident İlham Əliyevlə ikitərəfli və nümayəndə heyyətlərinin iştirakı ilə keçirilən görüşdə qarşıdan duran məsələlər geniş müzakirə olunub: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda da vacib mesajlar səslənib. İlk dəfədir ki, ölkəmizdə səfərdə olan Konqo Respublikasının Prezidenti Azərbaycanla Konqo arasında güclü dostluq əlaqələrinin yaranacağına əminliyini ifadə edib. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərin bundan sonrakı inkişafında təməl kimi dəyərləndirilib. Sözsüz ki, bu sənəd əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Artıq iki ölkə arasında mühüm əməkdaşlıq istiqamətləri müəyyənləşib. Bu amil dövlətlərarası siyasi münasibətlərin bundan sonra uğurla inkişaf edəcəyinə zəmin yaradır”.
Millət vəkili cənab Prezident İlham Əliyev də çıxışında BMT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla Konqo arasında əməkdaşlıq əlaqələrinin inkişaf dinamikasına toxunduğunu bildirib: “Ölkəmizin başçısı vurğulayıb ki, hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında fəaliyyətini davam etdirəcək. Bu bir reallıqdır ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Ölkəmizin təşəbbüslərinə Konqo hər zaman öz dəstəyini verib. Məhz bunun nəticəsində Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı təmin olunub. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılıb. Bu uğurlu addımların nəticəsi olaraq hazırda Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilata çevrilib. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır və 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolun artırılması olduqca önəmlidir”.
Deputat bildirib ki, Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın prioritetləri içində neokolonializmə qarşı mübarizənin xüsusi yer alması ölkə başçılarının birgə mətbuat konfransında toxunduğu məsələlər sırasında olub: “Bu amil indi də öz aktuallığını qoruyur. İki ölkə arasında xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Reallıq odur ki, Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır. Beynəlxalq səviyyəli bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləməkdən ibarətdir. Burada əsas vacib amil həmin xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdən ibarətdir”.
Məlahət İbrahimqızı birgə mətbuat konfransında Azərbaycanın Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrində olduğu da vurğulanıb: “İlk növbədə, kənd təsərrüfatı sahəsində, həmçinin bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün perspektivlər var. Sözsüz ki, atılan bu addımlar strateji əməkdaşlıq üçün də başlıca zəmin yaradır. Qarşılıqlı səfərlərin bu xüsusda əhəmiyyəti olduqca böyükdür. Vaxtilə sovet dövründə Konqodan olan tələbələrin Azərbaycanda ali məktəblərdə təhsil alması da əlaqələrin və iki ölkə arasında olan münasibətlərin dünəndən, bu günə vacib bir yol keçdiyini deməyə əsas verir”.