ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, aprelin 5-də ABŞ, Ermənistan və Avropa İttifaqı arasında keçirilən görüşün mahiyyəti ilə bağlı müəyyən məqamlara aydınlıq gətirməsi olduqca önəmlidir. Çünki görüşlərlə bağlı fərqli yanaşmalar səslənirdi. Burada Ermənistanın təhlükəsizliyinə hansısa formada zəmanətin verilməsi, bunun fonunda atılacaq addımlardan danışılırdı. Dövlət katibi də cənab Prezidentlə telefon danışığında bu görüşün Azərbaycana qarşı olmadığını, iqtisadi xarakter daşıdığını qeyd edib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng etməsi əsas amildir: “Cənab Prezident İlham Əliyevin siyasi çəkisi, nüfuzu dünya birliyi, aparıcı dövlətlər və şəxslər tərəfindən yüksək dəyərləndirilir. Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan bölgədə reallaşması mümkün bütün proseslərin açar dövləti hesab olunur. Məhz Blinken də Prezident İlham Əliyevlə telefon danışığı zamanı Brüssel görüşündə Ermənistana iqtisadi dəstəyin göstərilməsi məsələlərinin müzakirə olunacağını vurğulayıb. Sözsüz ki, bu amil ABŞ-ın Azərbaycanla olan münasibətinin xarakterini göstərir”.
Millət vəkili hesab edir ki, Azərbaycan Prezidenti də haqlı olaraq son zamanlar Ermənistan tərəfindən atılan addımların gərginliyin yaranmasına xidmət etdiyini qeyd edib: “Ölkəmizə qarşı aparılan kampaniyalardan bəhs olunub. Üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək, hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər xüsusi olaraq vurğulanıb. Azərbaycan Prezidenti antiazərbaycan xarakteri kəsb edən bu halların olduğunu, xüsusi olaraq Fransa tərəfindən Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını bildirib”.
Sevinc Hüseynova vurğulayıb ki, Qərbdə guya Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların ölkə başçısı tərəfindən tamamilə əsassız olduğu bir daha diqqətə çatdırılıb: “Aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşü qeyri-şəffaf hazırlanıb. Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmayıb. Sözsüz ki, bütün bunlar Cənubi Qafqazda sülhə, əməkdaşlığa mənfi təsir edəcək amillər formalaşdıracaq. Çünki Brüsseldə keçiriləcək üçtərəfli görüşdə müzakirə olunacaq məsələlələrin Cənubi Qafqazda ciddi təhdidlər yarada biləcəyi ehtimal edilir. Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının aparıldığı dövrdə bu kimi halların baş verməsi prosesə zərbə kimi dəyərləndirilir”.