Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalara çağırışı və qətnamə qəbul etməsinə dair qərəzli mövqeyi erməni lobbisinin maraqlarına xidmət edir. Son dövrlər Avropa təşkilatlarında erməni lobbisinin təsiri ilə ortaya çıxan reallıqlar bunu təsdiq edir. Fakt odur ki, Avropa Parlamenti heç bir əsas və ya fakt olmadan Azərbaycana qarşı riyakar mövqe sərgiləyir. Reallıq isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. ərazisində erməni separatizminə son qoyub. Uzun on illiklər erməni məsələsi üzərində böyük dividentlər əldə edənlərin əsas qaynağı əllərindən çıxıb. Ona görə də, davamlı olaraq ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirirlər.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu “qətnamənin” heç bir əhəmiyyəti və mənası yoxdur: “Avropa Parlamenti yeni seçkilərə hazırlaşır və Azərbaycana qarşı çağırışları erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirir. Bu maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan dayanır. K.Karapetyanın çirkli fəaliyyəti haqqında isə kifayət məlumatlar mövcuddur. Fakt odur ki, Karapetyan Avropa Parlamentində və Aİ-dəki bəzi rəsmiləri maliyyələşdirir. Məhz onun əli ilə Aİ-nin Rusiyaya qarşı almaz biznesinə sanksiya tətbiqinə mane olması reallığı var. Karapetyanın biznesi məhz bu fəaliyyət üzərində qurulub. Avropa Parlamentinin deputatlarına verilən rüşvətin mənbəyi də məhz budur”.
Deputat bildirib ki, Azərbaycana qarşı çıxan deputatlar bundan əvvəl də Avropa Parlamentində eyni mövqedən çıxış edənlərdir: “Sözsüz ki, bu çirkli oyunların arxasında Fransa prezidenti Emmanuel Makron kimiləri dayanır. Həmçinin bu “işin” içində Avropa Parlamentində olan islamafob, rasist və türkofob dairələr, səlibçi və neokolonial təfəkkürlü agentlər var. Onların məqsədi erməni lobissinin sifarişləri əsasında Azərbaycan qarşı daha çox qərəzli qətnamələrin qəbuluna nail olmaqdır”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur: “Görünən odur ki, müasir sələbçillər hələ də dayanmaq bilmir. Azərbaycan yeni bir reallıq yaradıb. Bu gün Avropa Birliyinin aparıcı ölkəsi olan Almaniyanın ev sahibliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında sülh danışıqları gedir. Avropa Parlamenti isə heç nədən xəbərsizmiş kimi birtərəfli qaydada ermənipərəst mövqe sərgiləyir. Sözsüz ki, bu uğursuz cəhdlər iflasa məhkumdur. Qərbin artıq mütləq monopoliya dövrü başa çatıb. Bu cür populizmin Avropadakı bəzi qüvvələr üçün heç bir xeyri olmayacaq”.