Prezident İlham Əliyev fevral 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bir çox vacib məsələlərə toxunub. Görüşdə Almaniya ilə Azərbaycan arasında münasibətlərin müsbət inkişaf dinamikasından bəhs olunub. Azərbaycan-Almaniya ikitərəfli münasibətlərində iqtisadi əlaqələrin və bu sahənin vacib roluna diqqət çəkilib. Bu xüsusda hazırda bəzi Qərb dövlətləri və təşkilatlarının Azərbaycana qarşı qərəzli və bitərəfli mövqeyi fonunda Almaniya neytrallıq nümayiş etdirməsi qeyd olunub. Reallıq odur ki, Almaniya Fransadan fərqli olaraq proseslərə hər iki tərəfin mövqeyi və münasibətlərin pozulmaması kontekstindən yanaşır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu gün beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir: “Məhz bu nöqteyi-nəzərdən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsinə qarşı olan yanaşmalar tamamilə əsassız və qərəzlidir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bütün bunlar isə anti-Azərbaycan siyasətinin bir hissəsidir. Cənab Prezidentin Jozef Borrelin (Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri) Azərbaycanla bağlı səsləndirmiş olduğu əsassız iddialarına cavabında da bu məsələ qeyd edilib. “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır” – deyə dövlətimizin başçısı vurğulayıb. Fakt odur ki, Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə 2023-cü ilin sentyabrındakı ciddi gərginlikdən sonra bu ilin fevralınadək olan dövrdə vəziyyət sakit idi. Məhz bu ilin fevral ayında erməni tərəfi təxribata əl atıb və buna da layiqli cavab alıb. Amma bütün bunlara baxmayaraq Azərbaycan sülh prosesinə sadiqdir. Məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib”.
Millət vəkili bütün bu qərəzli yanaşmaların əksinə olaraq Azərbaycan ərazilərinin 30 il Ermənistanın işğalı altında olduğunu söyləyib: “Məhz Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib. İşğal dövründə bu ərazilərdə böyük dağıntılar, vandallıq siyasəti həyata keçirilib. Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olaraq 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Amma buna baxmayaraq torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara belə məhəl qoymayıb. Bütün bunların fonunda isə Azərbaycana qarşı Avropa institutları tərfindən ayrıseçkilik edilir. Fakt odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkəmizin nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə “qərar” qəbul edib. Cənab Prezident də qeyd edib ki, bu “qərar” Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Olaf Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan haqqında bilərəkdən mənfi təəssürat yaratmağa cəhdlər edilir: “Sözsüz ki, Azərbaycan öz haqqını sona kimi qorumaqda, təmin etməkdə israrlıdır və buna qadirdir. Ölkə başçısının da qeyd etdiyi kimi “əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”. Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Azərbaycan Ermənistanın 30 illik işğal faktının acı nəticələrini aradan qaldırmaqla məşğuldur. Cənab Prezident də qeyd edib ki, “1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndimizi işğal etdilər, oraları dağıtdılar”. Çox təəsüf ki, bu 30 illik müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda bu üç ölkə ölkəmizə təzyiqlər göstərməyə başlayıb. Artıq Rusiya proseslərin nədən ibarət olduğunun fərqindədidr. ABŞ və Fransanın eyni yanaşmanı sərgiləməsi gözlənilir. Bunun əksinə olacaq proseslər onların ziyanına olacaq. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla münasibətləri normallaşdırmadan bu bölgədə hər hansı bir prosesdə yer almaq mümkün olmayacaq”.