Prezident İlham Əliyev fevral 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən vacib mesajlar verib. Ölkəmizin başçısı bir çox vacib məsələlərə toxunub. Bu gün Almaniya ilə Azərbaycan arasında münasibətlərin müsbət inkişaf dinamikası mövcuddur. Azərbaycan-Almaniya ikitərəfli münasibətləri iqtisadi əlaqələrin müstəvisində inkişaf edir. Bəzi Qərb dövlətləri və təşkilatlarının Azərbaycana qarşı qərəzli və bitərəfli mövqeyinə baxmayaraq Almaniya neytral mövqeyi ilə seçilir. Almaniya Avropanın digər ölkələrindən xüsusilə də Fransadan fərqli olaraq proseslərə balanslı yanaşır. Berlin məhz bu proseslər kontekstində Azərbaycanla münasibətləri qoruyub saxlamaqda maraqlı olduğunu nümayiş etdirir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
“Prezident İlham Əliyev də Almaniya nümayəndə heyətini qəbul edərkən beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunu qeyd edib. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsinə qarşı olan yanaşmalar qərəzli olduğu bildirilib. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmayıb. İndiki halda Azərbaycana qarşı olan qərəzli münasibətlər məhz ikili standartların bariz nümunəsidir. Görünən odur ki, ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib” – deyə Millət Vəkili qeyd edib.
Deputat bildirib ki, cənab Prezident Jozef Borrelin (Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri) Azərbaycanla bağlı qərəzli mövqeyinə də toxunub: “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır” – deyən cənab Prezident Azərbaycan ətrafında yaradılan qərəzli yanaşmaların heç bir mahiyyət kəsb etmədiyini qeyd edib. Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə 2023-cü ilin sentyabrındakı ciddi gərginlikdən sonra bu ilin fevralınadək olan dövrdə vəziyyət sakit olub. Bu ilin fevral ayında erməni tərəfi təxribata əl atıb və buna da layiqli cavab verilib. Ermənistanın təxribatlarına və pozucu fəaliyyətlərinə baxmayaraq Azərbaycan sülh prosesinə sadiqdir. II Qarabağ müharibəsi başa çatdıqdan sonra da Azərbaycan sülh danışıqları təşəbbüsünü irəli sürüb. Reallıq isə odur ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında qalıb. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib. Ərazilərdə böyük dağıntılar, vandallıq, barabarlıq siyasəti həyata keçirilib. Təcavüzkar siyasətin nəticəsi olaraq 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan isə bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara belə riayət etməyib. Bu faktlar ortada ola-ola Azərbaycana qarşı Avropa institutları tərəfindən növbəti dəfə ayrıseçkilik olunur”.
Təftiş Komissiyasının sədri xatırladıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkəmizin nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə əsassız, heç bir mahiyyətə söykənməyən “qərar” qəbul edib: “Cənab Prezident də qeyd edib ki, bu “qərar” Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Olaf Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür”. Sözsüz ki, erməni lobbisinin diqtəsi ilə hərəkət edən bu qüvvələrin məqsədi Azərbaycan ətrafında mənfi imic formaşadırmağa nail olmaq “niyyəti” ilə bağlıdır. Təbii ki, bu cəhdlər növbəti dəfə uğursuzluğa düçar olacaq. Çünki Azərbaycan öz haqqını sona kimi qorumağı bacaran güclü dövlətdir. Dövlətimizin başçısı da bildirib ki, “Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”.
Sevinc Hüseynova Azərbaycanın davamlı inkişaf edən ölkə olduğunu söyləyib: “Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Azərbaycan Ermənistanın 30 illik işğal faktının acı nəticələrini aradan qaldırmaqla məşğuldur. Cənab Prezident də qeyd edib ki, “1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndimizi işğal etdilər, oraları dağıtdılar”. Çox təəsüf ki, bu 30 illik müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda bu üç ölkə ölkəmizə təzyiqlər göstərməyə başlayıb. Artıq Rusiya proseslərin nədən ibarət olduğunun fərqindədidr. ABŞ və Fransanın eyni yanaşmanı sərgiləməsi gözlənilir. Yeganə çıxış yolu Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın mövqeyi ilə hesablaşmaqdan ibarətdir”.