Bu günədək şəxsimə və doğmalarıma edilən haqsızlıqları, bu və ya digər səbəblərdən bizə zorla ürcah edilən ədalətsizlikləri heç zaman ictimailəşdirməmişəm. Təxminən 6 il öncə, adını nəinki çəkmək, heç xatırlamaq belə istəmədiyim birisi tərəfindən, heç bir tutarlı əsas olmadan, jurnalist kimi 11 dəfə xüsusi ittiham qaydasında məhkəməyə verilmişəm, amma hətta İdarə Heyətinə üzv olduğum Mətbuat Şurasından da dəstək ummamışam. Heç indi də bu yazıda adı keçən şəxslər və onların Azərbaycan qanunvericiliyinə “meydan oxuyan” əməlləri ilə bağlı kimsədən dəstək istəmək niyyətim yoxdur. Çünki bunun fayda verəcəyinə də əmin deyiləm. Əgər bu şəxs və ya şəxslərin əməlləri barəsində Milli Məclisin plenar iclasında məsələ qaldırılırsa və buna heç bir reaksiya verilmirsə, həmçinin hər kəsin gözü qarşısında yüzlərlə insanın mülkiyyət hüquqları kobud şəkildə pozulursa, haqsızlığa məruz qalanların ah-naləsi medianı, sosial şəbəkələri başına götürürsə və yenə də bu adamlar heç nə baş verməyibmiş kimi “iş başındadırlarsa”, məhkəmə qərarlarına “kağız parçası” kimi yanaşmaqda davam edirlərsə, o zaman nə vaxtsa İlahi Ədalətin yenidən təcəlla edəcəyinə ümid bəsləməkdən və mücadilə aparmaqdan başqa yol qalmır…
Ev yıxmaq “inşaatı”
…Əsabil Qasımov və dəstəsinin əməlləri ilə tanış olanadək “Pilot” sözünün təyyarə, helikopter, kəsəsi uçuş aparatlarını idarə edən, havaya qaldıran, uçuran şəxs anlamını verdiyini düşünürdüm. Amma Qasımov və onun saysız-hesabsız şirkətləri sırasına daxil olan “Pilot-16”-nın əməlləri ilə tanış olanda, bu sözün, tamamilə fərqli məna daşıdığını anladım. Sən demə, Əsabil Qasımov və ətrafının izahlı lüğətində “pilot” sözü təyyarə yox, “ev uçuran” mənasını verirmiş və onlar da, xüsusilə Nəsimi rayonunun ərazisində, ən müxtəlif yollarla, psixoloji təzyiq vasitələrinin görünməmiş nümunələrindən istifadə etməklə ələ keçirdikləri və ya keçirmək istədikləri evləri vətəndaşların “başına” uçururlarmış… Həm də nəinki hüquq, qanun tanımadan, hətta insani dəyərlərin sərhədlərini aşaraq, hikkəli, təkəbbürlü davranışlarıyla haqlarını tapdaladıqları insanları mənəvi cəhətdən sarsıdaraq, əzə bildiklərini əzə, sındıra bildiklərini sındıraraq… Detallarına varmaq, yəni “şərləmək”, “böhtan atmaq”, “təhdid etmək”, “zəif nöqtələrindən vurmaq” və ya “zəifliklərindən faydalanmaq” kimi ifadələrdən yararlanmaq istəmirəm. Çünki bunun üçün jurnalist aradırmasından kənar təhqiqatların aparılmasına ehtiyac var ki, bu da səlahiyyətim daxilində olan məsələ deyil.
…Məsəli bu yazının “qəhrəman”larından uzaq, mənzil tikintisi, xüsusilə də geniş ərazilərdə, onminlərlə insanın yaşayacağı komplekslərin inşası, yaradıcı yanaşma, zövq və geniş dünyagörüşü tələb edən məsələdir. Bu kimi məsələlərə, “mal-qara”, yaxud “at oğrusu” təfəkkürü ilə yanaşılması, sonda arzuolunmayan və kompensassiyası mümkün olmayan neqativ nəticələrə yol aça bilər.
…Tikinti şirkətinin adı üstündədir. Tikinti şirkəti tikməklə, inşa etməklə, qurmaqla, yaratmaqla məşğul olmalıdır, sökməklə, dağıtmaqla, uçurmaqla, insanları ev-eşiksiz, yurd-yuvasız qoymaqla yox! “Ev uçuran”, yaxud “ev yıxan” “Pilot”ların isə əsas hədəfi təəssüf ki, qurub-yaratmaqdan yox, uçurmaqdan ibarətdir. Həm də kərpic-kərpic, qapı-qapı, pəncərə-pəncərə…
Belələrinin“qoçu”larının təhdidlərinə adekvat cavab verirsən, səhər gözünü açıb görürsən ki, evinin qarşısına, pəncərinin, qapının önünə hasar çəkiblər. Qalmaqal yaratmamaq üçün susursan, qorxduğunu zənn edib bir az da irəli gedirlər. Qapını, pəncərəni sökürlər, damını uçururlar və bunu məqsədyönlü şəkildə elə zaman kəsiyində edirlər ki, əsəblərini cilovlaya bilməyəsən və onlar da fürsətdən istifadə edib səni təxribata çəksinlər.
…Son dəfə doğmalarımın da pay sahibi olduğu evlə bağlı ev yıxan “Pilot”çuların təmsilçiləri ilə, təxminən bir il öncə qarşılaşmışam. Evdə yaşayış olduğu və pay sahiblərinin bir hisəsi ilə razılaşmanın əldə edilmədiyinə baxmayaraq, söküntüyə başlamışdılar. Həmin vaxt, sözügedən şirkəti təmsil edən, səlahiyyəti kimsəyə bəlli olmayan Aslan adlı bir şəxsdən hansı haqla, hansı razılaşmaya əsasən söküntüyə başladıqlarını soruşanda, cavabında “yaxşı edirəm, lotuyam” dedi. Qarşılığında isə dedim ki, el arasında “lotu” sözü bir neçə məna verir və buna görə də hansı mənada “lotu” olduğuna aydınlıq gətirsə, ona uyğun da davranarıq. Kəsəsi, həmin dövrdə söküntü işləri, vətəndaşların mülkiyyət hüquqlarının qorunmasın zəririliyini, ədalətin mülkün təməli olduğunu xatırladan ləyaqətli insanların səyləri nəticəsində söküntü işlərinə son verildi və özünü “Pilotçu”ların hüquqşünası adlandıran, indi adını xatırlamadığım bir nəfərlə görüşmək məcburiyyətində qaldım. Adını bilmədiyim hüquqşünasa qalmaqaldan, savaşdan uzaq olduğumu, mənimlə hüquqa zidd, qanunsuz davranışların da effektsiz olacağını, təhdid və zorakı davranışlar qarşısında geriyə çəkilməyəcəyimi, real bazar qiymətlərinə uyğun təkliflərə hazır olduğumu bildirdim… Beləcə, az qala bir ilə yaxın vaxt keçdi, amma “Pilot”çulardan səs çıxmadı, köhnə ənənələrinə, insanları çərlətmək, əsəbləriylə oynamaq, müvazinətdən çıxarmaq taktikalarına davam etdilər. Bir neçə gün öncə bəlli oldu ki, doğmalarımın pay sahibi olduğu evin damını ərazidən razılıq əsasında köçən qonşunun damının “gözünə” qataraq söküblər. Sanki belə də olmalıymış… Bu barədə məlumat alanda təəccüblənmədim. Çünki ətrafındakı, yan-yörəsindəki adamları “burda mənəm, Bağdadda kor xəlifə” hikkəsi ilə “çalışdıran”, toxunulmaz olduğunu iddia edən və qanunlara məhəl qoymadan “ev uçurmaq” missiyasını “uğurla” həyata keçirən birilərindən fərqli davranış da gözləmirdim. Yüzlərlə insanın narazlığına, narahatlığına yol açan, əsablərini tarıma çəkən, psixoloji təzyiqlərə məruz qoyan bu adamlar, təəssüf ki, mənim özbaşınalıq kimi dəyərləndirdiyim “toxunulmazlıqlarını” ciddi şəkildə himayə olunmaları ilə əlaqələndirirlər. Hətta küncdə-bucaqda, onların iddiasına görə, “Rusiyadakı bizneslərini himayə edən yüksək səlahiyyət sahibləri”nin adlarını hallandırmağı da unutmurlar. Bunun onların Azərbaycandakı kütləvi narazılıq doğuran fəaliyyətlərinə nə dərəcədə aidiyyatı olub-olmadığını deyə bilmərəm. Amma Rusiyada istintaq və məhkəmə predmeti olan əməllərinin üzərindən sükutla keçilməsinin, unutdurulmasının da, elə-belə, səbəbsiz oluğunu düşünmürəm. Artıq Rusiyadakı həmkarlarıma da Əsabil Qasımovla bağlı şirkətlərin Stavropol və Moskva vilayətlərindəki fəaliyyəti ilə bağlı araşdırmalarıma dəstək vermələri üçün müraciət ünvanlamışam. Məsələn, 2020-ci ildə Rusiya mediasında yer alan “çirkli pulların yuyulması” ilə bağlı iddiaların həqiqətə nə dərəcədə uyğun gəldiyini aydınlaşdırmağı rica etmişəm və çox güman ki, bütün bu məqamlara aydlıq gətirildikdən sonra, Yessentukidəki “Voronej” sanatoriyasının real qiymətindən xeyli aşağı satın alınması ilə bağlı iddiaları da gün işığına çıxara biləcəyəm.
Rusiya mediasının iddiasına görə, Əsabil Qasımova məxsus “İstoçnik sanatoriyası” MMC 2019-cu ildə satışa 600 milyon rublluq ilkin qiymətləndirmə ilə çıxarılan “Voronej” sanatoriyasını real rəqabət və büdcə üçün nəzərdə tutulan əlavə gəlirlər olmadan 365 milyon rubla satın alıb. Xatırladım ki, bu ittiham da indiyədək təkzib olunmayıb. Rusiya mediasının aydınlıq gətirmək istədiyi, amma cavab tapa bilmədiyi digər suallar da var. Məsələn, “İstoçnik sanatoriyası” 2018-ci ildə 162 milyon rubl gəlir əldə etdiyi halda nə üçün aktivlərinin mənfi olduğunu göstərib? Yaxud sual olunur ki, Qasımov hansı səbəbdən, ümumiyyətlə gəlir gətirməyən, 28 milyon rublluq mənfi aktivi və 27 milyon rublluq ziyanı olan “İstoçnik Jeleznovodsk” MMC-ni öz balansında saxlayıb. Rusiyanın informasiya resursları, bu kimi faktların vergidən yayınmaq niyyətindən qaynaqlana biləcəyini düşünürlər. Düşünürlərsə, deməli aydınlıq gətirmək də onların öhdəsinə düşür. Baxmayaraq ki, bütün bunlar və istinad mənbələri olmadığı üçün haqlarında söz açmadığım digər məqamlarla bağlı, hətta bir müddət öncə cinayət işinin açıldığı barədə iddialar da var…
Bununla yanaşı, Qasımovlara məxsus şirkətlərlə, o cümlədən “İsoçnik Kislovodsk” sanatoriyası ilə bağlı iddialar Rusiya mediasında yer alan məlumatlarla yekunlaşmır. Sözügedən sanatoriyada 2021-ci il martın 6-da, bərpa-tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi bir nəfərin ölümünə səbəb olub və faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 2-ci hissəsi, 216-cı (tikinti işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət işi açılıb və…
“İstoçnik”in 2022-ci ildə də “bəxti gətirməyib”. Belə ki, Moskvanın Qaqarin rayon Məhkəməsi Rusiya Federasiyası Baş Prokurorluğunun iddiasına əsasən, Müstəqil Həmkarlar İttifaqları Federasiyasına məxsus 34 sanatoriya-kurort müəssisəsinin, o cümlədən “İstoçnik”in dövlətə qaytarılması ilə bağlı qərar qəbul edib. Doğrudur, Moskva Məhkəməsi Qaqarin rayon Məhkəməsinin qərarını prossesual pozuntuları əsas gətirərək ləğv etsə də, Baş Prokurorluq geri çəkilməyib və prosesi daha yüksək instansiyaya daşımaq qərarına gəlib. Proses və daha öncə iqtibas gətirdiyim iddialar barədə məlumatları araşdırmalar yekunlaşdırıldıqdan sonra dəyərli oxuculara təqdim edəcəyəm. Hələlik… bu qədər.
Elçin Mirzəbəyli