Prezident İlham Əliyevin qardaş Türkiyəyə rəsmi səfəri tarixi əhəmiyyətə malikdir. Ölkəmizdə keçirilən 7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan cənab Prezident İlham Əliyevin ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə edib. Bu iki qardaş ölkə arasında artıq sarsılmaz bir ənənəyə çevrilib. Eyni zamanda bu amil bir daha qardaşlıq nümunəsinin göstəricisi hesab edilir. “Bir millət, iki dövləti” anlayışı fonunda Azərbaycan-Türkiyənin birliyi bu gün bütün dünya üçün örnəkdir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, səfər çərçivəsində iki qardaş ölkə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə keçirilən görüşlərində dostluq və qardaşlığımızın hazırkı səviyyəsinin bütün dünya üçün örnək olduğu vurğulanıb: “Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı qeyd olunub. Eyni zamanda qardaş ölkələr arasında ikitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı bildirilib. Bu xüsusda müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini vurğulanıb. Orta Dəhliz məsələsində Azərbaycanla Türkiyənin qarşılıqlı olaraq hərəkət etdiyini qeyd olunub. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılması, Naxçıvanda icra ediləcək birgə layihələrdən bəhs edilib. Həmçinin Naxçıvanın qaz təchizatı istiqamətində həyata keçirilən layihələrin önəmindən danışılıb. Qars-Naxçıvan dəmir yolunun tikintisinin vacib əhəmiyyəti önə çəkilib. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyini vurğulayıb. 30 ilə yaxın Ermənistanın işğalında qalan tarixi torpaqlarımızın azad edilməsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin vacibliyi qeyd olunub. Bu bir reallıqdır ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdir. Məhz qardaşlıq əlaqələrinin təzahürü olaraq Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfəri qardaş Türkiyəyə olması da bunun bariz nümunəsidir. Qardaş Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantı hesab edilir. Azərbaycan xalqı Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir” – deyə o qeyd edib.
Deputat bildirib ki, iki qardaş ölkə Liderinin görüşündə həmçinin beynəlxalq təşkilatlarda Azərbaycanla Türkiyənin bir-birini daim dəstəklədiyinin önəmindən bəhs edilib: “Sözsüz ki, 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Təbii ki, Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Məhz iki qardaş ölkə Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdədir və bir nöqtəyə vurur. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Cənab Prezident İlham Əliyev çox hörmətli Rəcəb Tayyib Ərdoğanla görüşündə bu məqamları bir daha qeyd etməklə Azərbaycan və Türkiyənin bütün məsələlərdə birlikdə addım atması bu gücdən narahat olan qüvvələrə də açıq mesaj kimi xarakterizə edilir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını deyib. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi önə çəkilib”.
Təftiş Komisiyasının üzvü qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin iyul ayında TDT-nin fövqəladə toplantısının Şuşa şəhərində keçiriləcəyini açıqlamasının mühüm tarixi hadisə olduğunu söyləyib: “Azərbaycanla Türkiyə qardaş ölkələr olaraq bir-birilərinin sevincini və kədərini bölüşür. Ötən ilin fevral ayında qardaş Türkiyədə güclü zəlzələ baş verdikdə Azərbaycan dövləti, xalqımız gözləmədən öz qardaşlıq əlini uzatdı. Dövlətimizlə yanaşı vətəndaşlarımız öz yardımlarını əsirgəmədi. Hazırda zəlzələnin böyük dağıntılar törətdiyi Kahramanmaraş vilayətində Azərbaycanın qardaş ölkəyə töhfəsi olaraq bərpa quruculuq işləri görülür və orada böyük tikinti aparılır. Bu gün Azərbaycan və Türkiyə qədər sıx qardaşlıq bağları olan ölkə mövcud deyil. Həmçinin dövlət başçılarının qardaşlıq münasibətləri bu gün xalqlarımız arasındakı əlaqələrə də öz müsbət töhfəsini verir. Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının ən yüksək zirvəsi hesab edilir. Cənab Prezident İlham Əliyevin və çox hörmətli Rəcəb Tayyib Ərdoğanın formalaşdırdığı reallıq qardaşlıq, dostluq və əməkdaşlığının daha da möhkəmlənməsi, regionda sülhə, sabitliyə və təhlükəsizliyin əsas qarantına çevrilib”.
Məlahət İbrahimqızı vurğulayuuıb ki, Azərbaycan-Türkiyə qardaşlığı iki ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın böyük perspektivlərini müəyyənləşdirir: “Cənab Prezidentin bildirdiyi kimi Azərbaycan Ordusu Türkiyə Ordusunun modeli əsasında inkişaf edir. Məhz bu istiqamətdə birgə atılan addımlar Ordumuzun müharibədən sonrakı dövrdə daha da güclənməsinə, ən son texnoloji avadanlıqlarla təchizatına zəmin yaradır. Təbii ki, iki qardaş ölkə arasında əməkdaşlığın önəmli istiqamətlərindən biri olan hərbi sahədə işbirliyi daha da genişlənir. Artıq iki ordu bir yumruq anlamına gəlib. Müzəffər Ali Baş Komandanın da qeyd etdiyi kimi hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra keçirilən lokal antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi. Artıq separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq. Bu Azərbaycan dövlətinin qəti iradəsidir. Sözsüz ki, Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar mövcuddur. Eyni zamanda qardaş ölkələr arasında təhsillə bağlı önəmli anlaşma imzalanıb. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, eyni zamanda birliyimizin növbəti rəmzi hesab edilir”.