Prezident İlham Əliyevin qardaş Türkiyəyə rəsmi səfəri mühüm tarixi əhəmiyyət kəsb edir. Artıq hər iki ölkə arasında ənənəyə çevrilmiş-seçkilərdən sonra ölkə başçılarının ilk rəsmi dövlət səfərini qardaş ölkələrə etməsi dostluğun, qardaşlığın bariz nümunəsidir. Məhz 7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan cənab Prezident İlham Əliyevin ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi böyük sevinc və hörmətlə qarşılandı. Bu eyni zamanda “Bir millət, iki dövləti” anlayışı fonunda Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının bütün dünya üçün örnək olduğunu nümayiş etdirdi.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
“Səfər çərçivəsində iki qardaş ölkə Prezidentləri İlham Əliyev və çox hərmətli Rəcəb Tayyib Ərdoğanın təkbətək və geniş tərkibdə keçirilən görüşlərində dostluq və qardaşlığımızın hazırkı səviyyəsindən bəhs edilib. Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsinin ölkələrimizin münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəltdiyi bildirilib. Məhz bütün bunların fonunda iki qardaş ölkə arasında ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı vurğulanıb ki, qarşıdakı dövrdə bunun daha da artması hədəflənib. İki qardaş ölkə arasında müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlıq uğurla davam edir. Orta Dəhliz məsələsində Azərbaycanla Türkiyə koordinasiyalı yanaşma sərgiləyir. Bununla yanaşı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılması, Naxçıvanda icra ediləcək birgə layihələr qarşıda duran əsas hədəflərdəndir. Eyni zamanda Naxçıvanın qaz təchizatı, Qars-Naxçıvan dəmir yolunun tikintisi vacib əhəmiyyətli layihələrdən biridir” – deyə o qeyd edib.
Millət vəkili cənab Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyini bir daha önə çəkməsinə toxunub: “30 ilə yaxın Ermənistanın işğalında qalan tarixi torpaqlarımızın azad edilməsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi olduqca önəmli idi. Məhz bu kontekstdə Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Azərbaycan və Türkiyə əcdadların bütün ənənələrinə sadiqdir. Qardaşlıq əlaqələrinin təzahürü olaraq Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi də bunun əyani təzahürüdür. Qardaş Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgədə əmin-amanlığın, sülhün və işbirliyinin qarantı hesab edilir. Sözsüz ki, Azərbaycan xalqı Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir”.
Deputat bildirib ki, 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşının ilk saatlarından qardaş Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj oldu: “Sözsüz ki, Azərbaycan xalqı Türkiyənin bu misilsiz qardaşlıq dəstəyini heç vaxt unutmur. İki qardaş ölkə Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdədir və bir nöqtəyə vurur. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Prezident İlham Əliyev çox hörmətli Rəcəb Tayyib Ərdoğanla Azərbaycan və Türkiyənin bütün məsələlərdə birlikdə addım atmasının digərləri üçün də açıq mesaj olduğunu vurğulayıb. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı bu faktı vurğuladığını bildirib. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd edilib. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının fövqəladə toplantısının Şuşa şəhərində keçiriləcəyini açıqlaması isə olduqca mühüm tarixi hadisə hesab olunur”.
Təftiş Komissiyasının sədri vurğulayıb ki, Azərbaycanla Türkiyə qardaş ölkələr olaraq bir-birilərinin sevincini və kədərini bölüşür: “Ötən ilin fevral ayında qardaş Türkiyədə güclü zəlzələ baş verdikdə Azərbaycan dövləti, xalqımız öz qardaşlıq əlini uzatdı. Dövlətimizlə yanaşı vətəndaşlarımız, siravi insanlarımız öz yardımlarını əsirgəmədi. Hazırda zəlzələnin böyük dağıntılar törətdiyi Kahramanmaraş vilayətində Azərbaycanın qardaş ölkəyə töhfəsi olaraq bərpa quruculuq işləri aparılır və orada böyük tikinti işləri görülür. Azərbaycan-Türkiyə qardaşlığı iki ölkə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın dərinləşməsinə xidmət edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan Ordusu Türkiyə Ordusunun modeli əsasında inkişaf edir. Məhz bu istiqamətdə birgə atılan addımlar Ordumuzun müharibədən sonrakı dövrdə daha da güclənməsinə, Türkiyə ordusu modelində inkişafına zəmin yaradır. İki qardaş ölkə arasında hərbi sahədə işbirliyi daha da genişlənir. Cənab Prezidentin də vurğulayıb ki, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra keçirilən lokal antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar mövcuddur”.
Sevinc Hüseynova Azərbaycanla Türkiyə arasında təhsillə bağlı imzalanan önəmli anlaşmaya diqqət çəkib: “Sözsüz ki, bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, eyni zamanda birliyimizin növbəti rəmzi kimi dəyərləndirilir. Bu gün Azərbaycanla Türkiyə bütün sahələrdə birgə addımlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatında Azərbaycanla bağlı öz əksini tapmış mühüm açıqlamalar da bunu bir daha təsdiq edir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara qardaş Türkiyənin etirazı güclü təsirə malikdir. Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyini və bu istiqamətdəki səylərimizi davam etdirəcək Türkiyə hər zaman birlikdə olduğumuzu əyani şəkildə göstərir. Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyinin bariz nümunəsidir”.