Azərbaycanda fevralın 7-də baş tutan növbədənkənar prezident seçkilərində xalqımız öz iradəsini ifadə edərək cənab İlham Əliyevə inam və etimadını bir daha nümayiş etdirdi. Zəfər seçkisi olaraq tariximizə düşən bu seçkilərin qalibi Müzəffər Ali Baş Komandan, xalqımıza Qələbə sevinci yaşadan qalib lider, cənab İlham Əliyev oldu. Bu Azərbaycan xalqının Ulu öndər Heydər Əliyev siyasi kursuna, güclü, qalib, inkişaf etmiş Azərbaycan strategiyasına olan etimad və etibarının bariz göstəricisi idi.
Sözsüz ki, 7 fevral seçkilərindən sonra müasir müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlayır. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr və hədəflərdən bəhs edərkən, Azərbaycanın bundan sonra qət edəcəyi yol xəritəsinin konturlarını açıqladı. Təbii ki, indiki reallıqların kökündə Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası amili dayanır.
Bugünki tarixi nailiyyətlərə məhz xalqımızın birliyi və dövlət başçısına sonsuz inamı sayəsində nail olunub. II Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslərlə çıxış edir. Artıq bölgədə sülhə başlıca təhdid yaradan amil, Ermənistanın işğal faktı və separatizm aradan qalxıb.
Azərbaycanın Prezident İlham Əliyev tərəfindən müyyənləşdirilən uğurlu, daxili-xarici siyasət kursunun əsas mahiyyətində milli maraqlar başlıca prinsip kimi qəbul edilib. Eyni zamanda Azərbaycan hər zaman özünün dost və tərəfdaşlarına böyük hörmət, ehtiramla yanaşır. Bu da qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq konsepsiyasına əsaslanır. Məhz bu effektiv siyasətin nəticəsində ölkəmiz yerləşdiyi coğrafiyada və onun hüdudlarından kənarda böyük nüfuza, hörmətə sahibdir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzv seçilməsi bunu bariz nümunəsi idi. Eyni zamanda 2011-ci ildən Qoşulmama Hərəkatına Azərbaycanın tamhüquqlu üzv qəbul olunmasından sonrakı fəaliyyəti beynəlxalq birlik və üzv dövlətlər tərəfindən yüksək dəyərləndirilib. BMT-nin genişmiqyaslı tədbirlərindən biri olan COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar beynəlxalq səviyyədə ölkəmizə olan inam və etimadın ifadəsidir.
Cənab Prezident İlham Əliyevin andiçmə mərasimində yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsinin olduğunu söylədi. Prezident İlham Əliyev bildirdi ki, “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bizim ailəmiz Türk dünyasıdır”. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan cənab Prezident İlham Əliyevin liderliyi və strategiyası ilə qarşıdakı dövrdə bütün hədəflərinə çatacaq.
Nübar Ələkbərova
YAP Abşeron rayon təşkilatının fəalı