Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı mühüm önəm kəsb edir. Almaniyanın kansleri olaf Şolzun dəvəti ilə baş tutan bu səfərdə Prezident İlham Əliyev bir sıra vacib görüşlər keçirib. Azərbaycanın haqlı mövqeyinin II Qarabağ müharibəsi və 2023-cü il lokal antiterror tədbirlərindən sonra Qərb platformasında bir daha bəyan edilməsi olduqca vacib idi. Azərbaycan Prezidentinin bu səfərinin 7 fevral növbədənkənar prezident seçkilərindən sonra baş tutması xüsusi ilə qeyd edilməlidir. Çünki Fransanın timsalında bəzi Qərb dəvlətləri və təşkilatları erməni lobbisinin diqtəsi altında Azərbaycanla bağlı qərəzli məlumatlar yayır, ölkəmizin imicinə zərbə vurmağa çalışırdılar. Məhz Olaf Şolzun Prezident İlham Əliyevi seçkilərdəki parlaq qələbəsi münasibəti ilə təbrik etməsi və onun ardınca, Münxen Təhlükəsizlik Konfransına dəvət etməsi Avropa İttifaqının, dünyanın aparıcı təşkilat və dövlətlərinin bu konfrans çərçivəsində Azərbaycanda keçirilən seçkilərlə bağlı rəsmi təbrikləri fonunda əsl real bir mənzərə yaranmış oldu. İlk növbədə Azərbaycanda keçirilən növbəti seçki prosesinin tam demokratik, xalqımızın istək və arzularına uyğun şəkildə formalaşdığı bir daha açıq şəkildə ifadə edildi.
Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen, ABŞ Dövlət katibi Entoni Blinken, Almaniya kansleri Olaf Şolz və digər ölkələrin və təşkilatların rəhbərləri ilə görüşləri, müzakirə edilən məsələlər olduqca önəmlidir. COP29-un Azərbaycanda keçirilməsi münasibətilə Azərbaycan Prezidentinə olan minnətdarlıqlar və ölkəmiz bu tədbiri də yüksək səviyyədə həyata keçirəcəyinə inamın ifadə edilməsi dövlətimizin artan nüfuzunun göstəricisi hesab olunur.
Həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması üçün ikitərəfli və xüsusən də vasitəçilərsiz görüşlərin daha effektiv olduğu bu görüşlərdə önə çəkilib. Bu bir reallıqdır ki, Azərbaycanın milli maraqlar üzərində formalaşan xarici siyasət kursu dinamik səciyyə daşıyır. Prezident İlham Əliyevin ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ötrü müxtəlif beynəlxalq platformalardan özünəməxsus yüksək diplomatik məharətlə istifadə etməsi məhz bu xüsusda yüksək dəyərləndirilir. Dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransının tədbirlərində iştirakı hər zaman özünənəməxsusluğu ilə səciyyələnir.
60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak edən Prezident İlham Əliyev burada ayrı-ayrı ölkələrin dövlət başçıları, nüfuzlu beynəlxalq qurumların, eləcə də transmilli şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirməsi Azərbaycanın maraqlarının ifadəsi baxımından da vacibdir. Görüşlərdə qlobal və regional gündəlik, yeni çağırışlara aid müxtəlif aktual məsələlərin müzakirə olunub. Prezident İlham Əliyevin qatıldığı görüşlər bir qayda olaraq qarşı tərəflərin xahişi əsasında baş tutması amili də nəzərdən qaçmır.
Dünya liderləri və beynəlxalq təsisatların, transmilli şirkətlərin təmsilçiləri Prezident İlham Əliyevlə dialoqa, müzakirələr aparmağa böyük önəm veməsi isə heç də təsadüfi deyil. Bu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasi strategiyanın tərkib hissəsi və uğurlu yekunudur.
Sözsüz ki, Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşü də diqqəti cəlb edir. Cənab Prezident bu görüşdə haqlı olaraq ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların rəsmi qaydada ləğv edilməsi kimi vacib amilləri gündəmə gətirib. Təbi ki, bu, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinə şərait yaradacaq. Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Ermənistanla Azərbaycan arasında normallaşma prosesi ikitərəfli xarakter daşıyır.
Eyni zamanda Azərbaycan Prezidenti qarşı tərəfin müraciətinə əsasən Bundestaqın Xristian-Demokrat-Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü Armin Laşet, Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburq, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid və digər şəxslərlə keçirdiyi görüşlərdə dünya və regional məsələlər müzakirə olunub.
Həmçinin Prezident İlham Əliyev Almaniya Kanslerinin müraciəti əsasıda onunla keçirilən görüşü konstruktiv adlandırıb və faydalı mühitdə keçdiyini qeyd edib. Artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırıb. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirib. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şolsun müraciətindən sonra Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bu ilin ilk görüşünü keçiriblər və sülh müqaviləsi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında ünsiyyətin ilkin olaraq planlaşdırılmamasına və Almaniya kanslerinin əvvəllər Qərbin vasitəçilik missiyasında fəal iştirak etməməsinə baxmayaraq, Olaf Şolzun təşəbbüsləri gözlənilməz oldu. İlham Əliyev və Nikol Paşinyan arasında iki ölkə arasında sərhəddə vəziyyətin gərginləşməsindən qısa müddət sonra baş tutan bu ilin ilk görüşündən sonra tərəflər Cənubi Qafqazda sülh prosesinin yenidən başlaması barədə razılığa gəlməsi olduqca önəmlidir. Məhz bu kontekstdə Münhendə tərəflər sülh müqaviləsi üzrə danışıqların bərpası və münasibətlərin normallaşdırılması tədbirləri ilə bağlı məsələləri müzakirə ediblər. Azərbaycan tərəfi təsdiq edib ki, xarici işlər nazirliklərinə yaxın vaxtlarda sülh müqaviləsi ilə bağlı iclasın və sərhədin delimitasiyası komissiyasının iclasının keçirilməsi tapşırılıb.
Bütün bunlar onu deməyə əsdas verir ki, Münxen Konfransında cənab Prezident İlham Əliyevin keçirdiyi görüşlər və söylədiyi önəmli fikirlər Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində vacib tezizlər idi. Azərbaycan bir daha beynəlxalq müstəvidə sülhə sabitliyə tərəfdar olduğunu bəyan etdi.
Məlahət İbrahimqızı
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı