Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevə inam və etimadını bir daha təsdiq etdi. Sözsüz ki, Zəfər seçkilərinin qalibi Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev olması, Onun tariximizdə olan yeri və rolu ilə bağlıdır. Bu bir reallıqdır son iki yüz illik tariximizdə torpaqlarımızı azad edən, onu əsl sahibinə qaytaran Lider məhz cənab Prezident İlham Əliyev olmuşdur. Bütün müstəvilərdə cənab Prezidentin siyasətinə açıq dəstək ifadə edən xalqımız məhz 7 fevral prezident seçkilərində öz münasibətini ifadə etdi. Bu təbii ki, xalqın öz Liderinə böyük ehtiramının sevgisinin, Onun ətrafında hər zaman bir yumruq kimi birləşməyin açıq təzahürü idi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
“II Qarabağ müharibəsindəki tarixi Zəfər, 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri ilə separatizmin kökü kəsildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Sözsüz ki, 7 fevralda baş tutan növbədənkənar prezident seçkiləri də məhz bu qələbələrin ardıcıllığı, xronologiyası, qalib xalqın istək və arzularının ifadəsi olaraq yekunlaşdı. Tarixi qələbə, konstitusiya quruluşunun bütün ölkə ərazisində tam təmin edilməsi ilə müasir, müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlamış olur. Cənab Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışında qarşıda dayanan vəzifələr və hədəflər haqqında konkret istiqamətləri bəyan etdi. Ölkə başçısı yeni dövrün yol xəritəsini göstərdi” – deyə o qeyd edib .
Millət vəkili Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası amilinin dayandığını söyləyib: “Bu gün Azərbaycan regional və qlobal miqyasda söz sahibidir. Xalqımızın birliyi və dövlət başçısına sonsuz inamı sayəsində bu tarixi nailiyyətləri əldə etmək mümkün olub. Vətən müharibəsində ərazi bütövlüyünü təmin etməklə Azərbaycan Cənubi Qafqazda yeni bir reallıq yaradıb. Ölkəmiz həmçinin hazırda bölgədə sülhün təmin olunması istiqamətində vacib təşəbbüslərlə çıxış edir. 30 ilə yaxın danışıqları uzadan, işğal faktını unutdurmağa çalışan Ermənistan II Qarabağ müharibəsindən sonrakı dövrdə də Azərbaycanın sülh müstəvisində olan təklifinə adekvat cavab vermir. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 bəndlik sülh konsepsiyası təklif edib. Bu sülh konsepsiyası hər iki tərəfin bundan sonrakı dövrdə normal müstəvidə münasibətlərinin formalaşması üçün hüquqi baza rolunu oynaya bilər. Amma təəsüf ki, Ermənistan hər zaman olduğu kimi növbəti dəfə sülhdən yayınır. Havadarlarının təhriki ilə prosesi uzatmağa çalışan Ermənistan hansısa bir “vəziyyətin” yaranacağına ümid bəsləyir. Görünən odur ki, erməni tərəfi növbəti dəfə Fransa kimi ölkələrin təhriki ilə sülh prosesi ətrafında spekulyasiya ilə məşğuldur. Cənab Prezident İlham Əliyevin andiçmə mərasimində haqlı olaraq vurğuladığı kimi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Dövlətimizin başçısı vurğulayıb ki, “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Amma biz öz məsələmizi həll etmişik”. Sözsüz ki, Ermənistan və ona havadarlıq edənlərin bölgədə yenidən sülhü pozmaq üçün qurmağa çalışdıqları məkirli planlar alt-üst olacaq”.
Deputat hesab edir ki, qalib, güclü Azərbaycan dövləti və Onun dünya siyasi arenasında öz dəsti-xətti olan Lideri, cənab Prezident İlham Əliyevin strategiyası qarşıda duran bütün hədəflərə nail olmağa imkan verəcək: “Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi “Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi” mesajı əslində bütün məkirli qüvvələrə verilən ən tutarlı cavab oldu. Azərbaycanın müstəqil daxili-xarici siyasət kursuna sabitdir. Ölkəmizin milli maraqlarına əsaslanan bu strategiya Azərbaycanın yerləşdiyi coğrafiyada sülhün, sabitliyin, inkişaf və tərəqqinin bərqərar olmasına xidmət edir. Azərbaycan regionda daha sıx qarşılıqlı mədəni, siyasi, iqtisadi əlaqələrin formalaşması üçün mühüm təşəbbüslərlə çıxış etməklə yanaşı bunun başlıca konpanentləri üçün də zəmin yaradır. Bu xüsusda Zəngəzur dəhlizinin reallığa çevrilməsi üçün rəsmi Bakı özünün konkret konsepsiyasını təqdim edib. Məhz Zəngəzur dəhlizinin reallığa çevrilməsi bölgədə yeni bir canlanmaya, iqtisadi-siyasi, mədəni əlaqələrin yaranmasına səbəb olacaq. Çünki Azərbaycanın müəyyənləşdirdiyi strategiya müstəqillik və suverenlik amilləri üzərində fundamental prinsiplərə söykənir. Prezident İlham Əiyev andiçmə mərasimində söylədiyi kimi Azərbaycanın daxili və xarici siyasət kursunda əsas istiqamətlər qarşılıqlı maraqlara əsaslanan strateji bir xətt mövcuddur. Ölkəmiz həm yerləşdiyi coğrafiyada, həmçinin onun hüdudlarından kənarda hər kəslə bərabər statusda münasibətlərin formalaşmasında maraqlı olduğunu bəyan edib. Bu qarşılıqlı, maraqlara, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə və beynəlxalıq platformalarda həmrəyliyə əsaslanır. BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrlik, qlobal pandemiya dövründə Azərbaycan Prezidentinin təşəbbüsləri, COP29 kimi mötəbər bir tədbirin Bakıda keçirilməsi ilə bağlı dünya dövlətlərinin mütləq əksəriyyətinin yekdil qərarı Azərbaycanın beynəlxalq miqyasda artan rolundan, ona olan birmənalı münasibətin xarakterindən xəbər verir”.