Azərbaycanda fevralın 7-də baş tutan növbədənkənar prezident seçkilərində xalqımız öz iradəsini ifadə edərək cənab İlham Əliyevə inam və etimadını bir daha nümayiş etdirdi. Zəfər seçkisi olaraq tariximizə düşən bu seçkilərin qalibi Müzəffər Ali Baş Komandan, xalqımıza Qələbə sevinci yaşadan qalib lider, cənab İlham Əliyev oldu. Bu Azərbaycan xalqının Ulu öndər Heydər Əliyev siyasi kursuna, güclü, qalib, inkişaf etmiş Azərbaycan strategiyasına olan etimad və etibarının bariz göstəricisi idi. Sözsüz ki, 30 ilə yaxın Ermənistanın işğalında qalan ərazilərimizi azad edən, Azərbaycanın ulu öndər Heydər Əliyevin strategiyasına uyğun olaraq daha praqmatik müstəvidə inkişafını təmin edən cənab Prezident İlham Əliyevin son 20 illik fəaliyyəti indiki reallıqların açıq tərənnümü hesab edilir. Bu gün Azərbaycan regional və qlobal müstəvidə söz sahibidir. Ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihə reallaşa bilmir. Qlobal müstəvidə də Azərbaycanın iştirakı və təşəbbüsləri artıq zərurətə çevrilib. Bütün bunlar güclü, qalib Azərbaycan reallığından, cənab İlham Əliyev siyasətinin xarakterindən formalaşan amillərdir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, 7 fevral seçkilərindən sonra müasir müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlayır: “Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr və hədəflərdən bəhs edərkən, Azərbaycanın bundan sonra qət edəcəyi yol xəritəsinin konturlarını açıqladı. Təbii ki, indiki reallıqların kökündə Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası amili dayanır. Çünki ərazi bütövlüyü və suverenliyimizin tam təmin edilməsi fonunda daha böyük çağırışlara uyğun inkişafın olması labüddür. Bugünki tarixi nailiyyətlərə məhz xalqımızın birliyi və dövlət başçısına sonsuz inamı sayəsində nail olunub. II Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslərlə çıxış edir. Artıq bölgədə sülhə başlıca təhdid yaradan amil, Ermənistanın işğal faktı və separatizm aradan qalxıb. Azərbaycan separatizmə sarsıdıcı və birdəfəlik zərbə vurmaqla yeni bir reallıq yaradıb. Təəsüf ki, 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə olduğu kimi müharibədən sonrakı son üç ildə də Ermənistan havadarlarının təhriki ilə sülh prosesini uzadır. Fakt odur ki, rəsmi İrəvan müəyyən beynəlxalq dairələrlə birlikdə sülh məsələsi ətrafında spekulyasiya ilə məşğul olur. Andiçmə mərasimində də cənab Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən çıxamlıdır. Ölkəmizin başçısının vurğuladı ki, “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Amma biz öz məsələmizi həll etmişik”. Məhz bu açıq və birmənalı mövqe onu deməyə əsas verir ki, Ermənistanın havadarlarının pozuculuq fəaliyyəti bundan sonra da fiaskoya məhkumdur”.
Millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin “Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi” ifadəsi əslində bu gün də Ermənistanda revanşizmi, separatizmi yenidən qızışdırmaq niyyətindıə olanlara və onların havadarlarına açıq xəbərdarlıq mesajı idi: “Azərbaycanın müstəqil siyasi kursu suverenlik kimi fundamental prinsiplərə söykənir. Cənab Prezidentinin də qeyd etdiyi kimi “Biz müttəfiqlərimizi özümüz seçirik”. Məhz bu xüsusda 7 fevral seçkilərinin qalibi olan Prezident İlham Əiyev andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı da konkret istiqamətləri göstərdi. Təbii ki, Azərbaycanın Prezident İlham Əliyev tərəfindən müyyənləşdirilən uğurlu, daxili-xarici siyasət kursunun əsas mahiyyətində milli maraqlar başlıca prinsip kimi qəbul edilib. Eyni zamanda Azərbaycan hər zaman özünün dost və tərəfdaşlarına böyük hörmət, ehtiramla yanaşır. Bu da qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq konsepsiyasına əsaslanır. Məhz bu effektiv siyasətin nəticəsində ölkəmiz yerləşdiyi coğrafiyada və onun hüdudlarından kənarda böyük nüfuza, hörmətə sahibdir. Ölkəmiz həmçinin normal qonşuluq siyasətinə səmimi, xoş niyyət, beynəlxalq hüquq normaları əsasında yanaşır. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də Birləşmiş Millətlər Təşkilatında xüsusi fəal mövqeyi ilə seçilir. BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzv seçilməsi bunu bariz nümunəsi idi. Eyni zamanda 2011-ci ildən Qoşulmama Hərəkatına Azərbaycanın tamhüquqlu üzv qəbul olunmasından sonrakı fəaliyyəti beynəlxalq birlik və üzv dövlətlər tərəfindən yüksək dəyərləndirilib. Sözsüz ki, Azərbaycanın Qoşulmama Hərəkatında təmsilçiliyi səmərəliliyi və məhsuldarlığı ilə yadda qaldı. Ölkəmizin Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi mühüm amillər kimi təşkilatın tarixinə düşmüş oldu. Bu uğurlu fəaliyyətin nəticəsi olaraq Azərbaycanın Qoşulmama Hərəkatına yenidən daha bir ildə sədrlik etmək barədə üzv dövlətlərin müraciəti tarixi amil və yüksək etimadın bariz nümunəsi hesab edilir. Eyni zamanda BMT-nin genişmiqyaslı tədbirlərindən biri olan COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar beynəlxalq səviyyədə ölkəmizə olan inam və etimadın ifadəsi kimi qiymətləndirilir”.
Sevinc Hüseynova vurğulayıb ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsinin olduğunu bir daha bəyan etməsi olduqca böyük əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin də söylədiyi kimi “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bizim ailəmiz Türk dünyasıdır”. Sözsüz ki, cənab Prezidentin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri olaraq Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirlməsinin zəruriliyini vurğulaması ölkəmizin açıq hədəflərini göstərir. Ölkəmizin Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var. Dövlətimizin də başlıca məqsədi məhz Türk Dövlətləri Təşkilatını gücləndirməkdən ibarətdir. Təbii ki, Türk Dövlətləri Təşkilatı böyük coğrafiyanı əhatə edir. Bu eyni zamanda ümumi güc, hərbi amil, iqtisadiyyat, mühüm nəqliyyat yollarının qovşağı deməkdir. Bütün bu amillər, Azərbaycanın öz imkanları və rolu sayəsində Türk Dövlətləri Təşkilatı qlobal arenada başlıca aktora çevrilməsini təmin edəcəyinə əminlik yaradır. Azərbaycan cənab Prezident İlham Əliyevin liderliyi və strategiyası ilə qarşıdakı dövrdə daha böyük uğurlara və hədəflərə nail olacaq”.