Növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı cənab İlham Əliyevə inam və etimadını nümayiş etdirdi. Zəfər seçkilərinin qalibi müasir Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırmış Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev oldu. Son iki yüz illik tariximizdə torpaqlarımızı azad edən, onu əsl sahibinə qaytaran Lider məhz cənab Prezident İlham Əliyevdir. Xalqımız da haqlı olaraq bütün müstəvilərdə cənab Prezidentin siyasətinə açıq dəstək ifadə edir. Bu xüsusda 7 fevral prezident seçkiləri Azərbaycan xalqının öz Liderinə böyük ehtiramının sevgisinin və Onun ətrafında hər zaman bir yumruq kimi birləşməyə hazır olmasının ifadəsi idi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, II Qarabağ müharibəsindəki tarixi Zəfər, 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri ilə separatizmin kökünün kəsilməsi, ərazi bütövlüyü və suverenliyimizin bərpası, eyni zamanda 7 fevralda baş tutan növbədənkənar prezident seçkilərindən sonra müasir, müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlayır: “Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr və hədəflər haqqında danışmaqla yeni yol xəritəsinin istiqamətlərini də bəyan etmiş oldu. Sözsüz ki, cənab Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası amili dayanmaqla yanaşı, Azərbaycanın regional və qlobal miqyasda bir aktor kimi formalaşması dayanır. Xalqımızın birliyi və dövlət başçısına sonsuz inamı sayəsində bu tarixi nailiyyəitlər əldə olunub. Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin edən Azərbaycan hazırda Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində mühüm təşəbbüslərin müəllifidir. 30 ilə yaxın danışıqları uzadan, keçmiş status-kvonu qoruyub saxlamağa çalışan Ermənistan II Qarabağ müharibəsindən sonra da Azərbaycan sülh müstəvisində etmiş olduğu təklifə adekvat cavab vermək niyyətində deyil. Görünən odur ki, Ermənistan havadarlarının təhriki ilə prosesi uzatmaq, özü üçün hansısa bir “vəziyyətin” yaranacağına ümid edir”.
Deputat hesab edir ki, Ermənistan növbəti dəfə müəyyən beynəlxalq dairələr, o cümlədən Fransa kimi ölkələrin təhriki ilə sülh prosesi ətrafında spekulyasiya edir: “Cənab Prezident İlham Əliyevin də haqlı olaraq vurğuladığı kimi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Ölkə başçısı qeyd edib ki, “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Amma biz öz məsələmizi həll etmişik”. Bütün bunlara baxmayaraq Ermənistan və ona havadarlıq edənlərin pozuculuq niyyəti növbəti dəfə fiaskoya məhkumdur. Çünki indi yeni bir reallıq yaranıb. Bu reallığın müəllifi qalib, güclü Azərbaycan dövləti və Onun dünya siyasi arenasında öz dəsti-xətti olan Lideri, cənab Prezident İlham Əliyevdir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin də söylədiyi kimi “Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi” mesajı əslində erməni revanşizminə züy tutmaq istəyənlərə əl layiqli cavab oldu. Azərbaycanın müstəqil daxili-xarici siyasət kursu sabitdir. Bu strategiya ölkəmizin milli maraqlarına əsaslanır. Azərbaycan yerləşdiyi coğrafiyada sülhün, sabitliyin, inkişaf və tərəqqinin tərəfdarı olduğunu bəyan edib. Ölkəmiz bu regionda daha sıx qarşılıqlı mədəni, siyasi, iqtisadi əlaqələrin formalaşması üçün mühüm təşəbbüslərlə çıxış edir. Zəngəzur dəhlizinin reallığa çevrilməsi üçün rəsmi Bakı özünün konkret konsepsiyasını ortaya qoyub ki, bu bağlantının yaranması bölgədə yeni bir canlanmaya səbəb olacağı da şübhəsizdir”.
Millət vəkili bildirib ki, Azərbaycanın müəyyənləşdirdiyi strategiya müstəqillik və suverenlik amilləri üzərində fundamental prinsiplərə söykənir: “Prezident İlham Əiyev andiçmə mərasimində söylədiyi kimi Azərbaycanın daxili və xarici siyasət kursunda əsas istiqamətlər qarşılıqlı maraqlara əsaslanan strateji bir xətt mövcuddur. Ölkəmiz həm yerləşdiyi coğrafiyada, həmçinin onun hüdudlarından kənarda hər kəslə bərabər statusda münasibətlərin formalaşmasında maraqlı olduğunu bəyan edib. Bu qarşılıqlı, maraqlara, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə və beynəlxalıq platformalarda həmrəyliyə əsaslanır. Dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrlik, qlobal pandemiya dövründə Azərbaycan Prezidentinin təşəbbüsləri, COP29 kimi mötəbər bir tədbirin Bakıda keçirilməsi ilə bağlı dünya dövlətlərinin mütləq əksəriyyətinin yekdil qərarı Azərbaycanın beynəlxalq miqyasda artan rolundan, ona olan birmənalı münasibətin xarakterindən xəbər verir. Sözsüz ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi yeni bir mərhələ gözləyir”.