Ermənistan növbəti dəfə təxribata əl atdı. Bu ölkə 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlayaraq danışıqları imitasiya etdiyi üçün II Qarabağ müharibəsindən sonra da sülh danışıqlarını uzatmaqla, qeyr-müəyyənlik yaratmaqla məşğuldur. Azərbaycan-Ermənistan şərti sərhəd xəttində də erməni tərəfinin təxribatı nəticəsində bir əsgərimizin yaralanması məhz növbəti hiyləgər planın tərkib hissəsidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, sadəcə olaraq bütün faktlar ortada olduğu halda növbəti dəfə Ermənistanın bu qanlı əməlinə “haqq” qazandırmağa çalışanlar da az deyil: “Son dövrlər Ermənistanın silahlanması ilə bağlı Fransa və Hindistanın birlikdə hərəkət etməsi, fransız generalın Ermənistana səfəri heç də təsadüfi deyil. Bu açıq şəkildə revanşizmin yenidən körüklənməsinə xidmət edən amillərdir. Məhz təxribatdan sonra Ermənistanın bu əməlinə “haqq” qazandırmaq üçün növbəyə düzülənlər sırasında Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin yer alması heç də təəcüblü olmadı. Bu şəxs ermənidən çox erməni olmaq üçün dəridən-qabıqdan çıxır. Onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü zamanı Azərbaycan əleyhinə əsassız iddiaları qəttiyyətlə rədd edilir və bunun sırf erməni lobbisinin göstərişi ilə baş verən bir hal olduğu öz təsdiqini tapır”.
Millət vəkili hesab edir ki, Aİ-nin ali nümayəndəsinin təxribata “bəraət” qazandırması ancaq düşmən mövqeyinə əsaslanır: “Bu eyni zamanda Ermənistanın hərbi təxribatına göz yumulması deməkdir. Çox təəsüf ki, Aİ-ı snayper atəşi nərticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır. Məhz bu kontekstdə Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addım adekvat oldu. Reallıq odur ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinə və mülki əhaliyə açıq təhdid yaradır”.
Deputat bildirib ki, Aİ tərəfindən “Dağlıq-Qarabağ” kimi mövcud olmayan adlardan istifadə də qəbuledilməzdir: “Eyni zamanda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, qurumun ali nümayəndəsinin ermənipərəst mövqeyi Azərbaycanla Avropa İttifaqı arasında münasibətləri heçə endirir. Bu sözsüz ki, qurumun Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən yer almaq kimi imkanlarının da itirilməsi ilə nəticələnir”.