![](https://siyasetinfo.az/wp-content/uploads/2024/01/1687456989_64948bc52d59564948bc52d596168745670964948bc52d59164948bc52d593-1024x683.png)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ölkəmizə qarşı məkirli siyasətin nəticəsidir. Bu fakt son dövrlər bəzi Avropa dövlətlərinin Azərbaycana qarşı apardığı ardıcıl çirkin kampaniyanın tərkib hissəsi kimi ortaya çıxır. Görünən odur ki, özünü Qərb dəyərlərinin daşıyıcısı hesab edən bəzi ölkələr erməni lobbisinin əsarəti altındadır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Fransa və Almaniyanın Ermənistan üçün bu qədər dəridən-qabıqdan çıxması heç də təəcüblü deyil: “Erməni diasporasının maliyyə dəstəyi ilə hakimiyyətə gələn Fransa və Almaniya rəhbərləri bu qədər cılız vəziyyətə düşəcəklərinin fərqində deyildilər. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifinin “dəstəklənməsi” bunu bir daha təsdiq edir. Sözsüz ki, bu addım AŞPA-nın nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, beynəlxalq təşkilatın ucuz şou üçün alətə çevrildiyini də nümayiş etdirir”.
![](https://siyasetinfo.az/wp-content/uploads/2023/04/Məlahət-Ibrahimqizi.jpg)
Deputat hesab edir ki, AŞPA-da sərgilənən bu mövqe Azərbaycanla Ermənistan arasında mümkün sülh prosesinə mənfi təsir göstərəcək: “Reallıq odur ki, bu gün bəzi Qərb dövlətləri və siyasətçiləri ermənidən daha çox erməni olmaq üçün var-gəl edir. Bu da təbii ki, qarşılıqsız olan bir hal deyil. Siyasi korrupsiyaya bulaşmış bu şəxslər ölkələrinin maraqları ilə yanaşı beynəlxalq təşkilatların da alver predmetinə çevrilməsində başlıca rol oynayıblar”.
Millət vəkili bildirib ki, Fransa prezidenti Emmanuel Makron anti-Azərbaycan, islamafob, anti-Türkiyə mövqeyindən əl çəkmir: “Özünün çirkin xarakteri ilə az qala Qərbdən İslam, Türk Dünyasına qarşı səlib yürüşünə Makron başçılıq edir. Azərbaycanın 30 il pozulmuş hüquqları, ərazi bütövlüyü və suverenliyi ilə bağlı susmuş Qərb dəyərləri indi Makron kimi siyasətçilərin mahiyyətində daha aydın görünür. Çünki 30 il ərzində ən müxtəlif platformalarda, o cümlədən AŞPA-da Ermənistanın işğalçılıq siyasətinə qiymət verilməsi üçün verilən təkliflərə heç bir reaksiya olmayıb. Onlar hər dəfə bu məsələləri qulaqardına vurub. Ona görə də, AŞPA-nın bu “qərarı” siyasi şoudan başqa heç bir əhəmiyyət kəsb etmir”.