30 il Azərbaycan torpaqları Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə bu işğalçı ölkəyə heç bir reaksiya verilmədi. Bu gün özünü Qərb dəyərlərinin daşıyıcısı kimi önə çəkən dövlətlər və siyasətçilər 30 il haqsızlığa susdular, göz yumdular. Halbuki bu 10 illiklərdə Ermənistanın işğalçı barbar siyasətinin nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizində olan bütün tarixi, dini, mədəni-mənəvi abidələr məhv edildi. İnsanlarımız soyqırıma, etnik təmizləməyə məruz qaldı. Yaşayış, qeyri-yaşayış obyektləri yerlə-yeksan olundu. Ekoloji terror həyata keçirildi. Amma buna dünya birliyi buna biganə qaldı.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan BMT Təhülkəsizlik Şurasının çıxarmış olduğu qətnamələrə əsasən özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib: “İşğalçı Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqlarından qovulub. 30 il ədalətsizliyə göz yumanlar isə bu gün Ermənistana, separatizmə dəstək verir. Fransa kimi ölkələr Ermənistan naminə dəridən-qabıqdan çıxır. Sözsüz ki, hər zaman erməni lobbisinin yedəyində gedən Fransa prezidenti Emmanuel Makron öz şəxsi ambissiyaları naminə anti-Azərbaycan, islamafob, anti-Türkiyə siyasətindən əl çəkmir”.
Deputat Avropa İttifaqı tərəfindən Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikanın bu gün də davam etdiyini söyləyib: “Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin Azərbaycana qarşı təxribat xarakterli açıqlamaları qəttiyyətlə rədd edilir. Sözsüz ki, bu yanaşmalar erməni lobbisinin diktəsi ilə ortaya qoyulur. Məqsədləri Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləməklə onun haqlı mövqeyinə zərbə vurmaqdır. Amma onlar bu məkirli niyyətlərinə çatmayacaqlar”.
Millət vəkili bildirib ki, Borel kimi riyakar siyasətçilər hər zaman məkirli mövqedən çıxış edir: “Qəzzada Fələstin-İsrail münaqişəsi başlayanda bu adam Tələvivin özünü müdafiə hüququndan danışırdı. Fələstinə qarşı İsrailin müharibəsinə haqq qazandırırdı. Amma bir neçə gündür Borel fikrini dəyişib və bunun əksinə dnaışır. Rusiya-Ukrayna müharibəsi başladıqda da Rusiyanı Avropa üçün ən böyük təhdid hesab etsə də, indi Ukraynanın ruslarla dil tapmasını təşviq edir. Bütün bunlar Borelin bir siyasətçi kimi ikiüzlü, riyakar obrazını ortaya qoymuş olur”.
Məlahət İbrahimqızı hesab edir ki, bu kimi yanaşmalar Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə mənfi təsir göstərir: “Görünən odur ki, Avropa İttifaqı burada bitərəf mövqe nümayiş etdirmir. Borel 30 ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir dəfə də qeyd olsun qeyd etməyib. Belə olduğu halda isə Aİ-nin Azərbaycanla Ermənistan arasında sülh prosesində vasitəçilik şansı itir”.